Xəbərlər

Dünyada dinozavr izinə rast gəlinən böyük sahə aşkar edilib

Boliviyanın Torotoro Milli Parkındakı yüksək dağlıq ərazidə yerləşən qədim qayalar dünyada ən böyük dinozavr izinə rast gəlinən sahə olaraq qeydə alınıb.

“Füyuzat” xəbər verir ki, bu barədə “PLOS One” jurnalı məlumat yayıb.

Paleontoloqlar Karreras Pampa sahəsində təxminən 18 000 fərdi dinozavr izi aşkar edib. İzləri tədqiq edərkən bəlli olub ki, dinozavrlar yeriyərək sakit addımlarla və hətta üzərək hərəkət ediblər. İzlər təxminən 70 milyon il əvvəl dinozavrların kütləvi məhvinə qədərki dövrə aid edilib.

Sahədə 16 600 üçbarmaqlı iz, 1 378 üzmə izi və s. qeydə alınıb. Bütün izlər teropodlara – yırtıcı dinozavrlara və müasir quşlara aid bir qrupa məxsusdur. İzlər 10 santimetrdən 30 santimetrədək ölçülərdə olub və iki əsas istiqamətdə düzülüb ki, bu da dinozavrların göl sahilində gedib-gəldiyini göstərir.

Araşdırmalara əsasən, qeyd edək ki, Karreras Pampa sahəsi əvvəllər səthi dayaz bir şirin su gölü olub. O dövrdə gölün bünövrəsi kalsium karbonat və incə minerallarla zəngin olub, bu da izlərin qorunması üçün ideal şərait yaradıb. Bu izlər fosilləşərək mükəmməl şəkildə qorunub və bu günə qədər qalıb.

Tədqiqatçılar sahədə 11 fərqli iz növü müəyyən ediblər. Onların bir qismi quyruq izləridir ki, bu da dinozavrların yumşaq bünövrədə hərəkət edərkən quyruqlarını yerə sürtdüyünü göstərir.

Araşdırma Karreras Pampanı dünyada ən önəmli dinozavr izi sahələrindən biri kimi göstərir. Bu həm izlərin sayı, həm qorunma keyfiyyəti, həm də davranışların müxtəlifliyi baxımından unikaldır.