Xəbərlər

Dünyada ən çox satılan 7 kitab

Kitab oxumağın bizim üçün faydalarını saymaqla bitirə bilmərik. İnsan çalışdığı qədər hər gün mütailə ilə məşğul olmalıdır. Mütailə insan beynini qidalandırır, onu hərtərəfli inkişaf etdirir, intellektual səviyyəsini artırır. Oxuduğumuz kitablar bizim mənəvi dünyamızı, xarakterimizi əks etdirir. Bəs bütün kitabları oxumaq lazımdır?

Əslində, bütün kitablar bizlərə nələrisə öyrədir, zövqümüzü formalaşdırır. Lakin bəzi kitablar var ki, biz onlardan daha çox məlumat və mənəvi şeylər öyrənə bilərik. Belə kitabları oxumasaq, sözün əsl mənasında çox şeyi itirərik.

Dünyadakı saysız-hesabsız kitabların içərisindən ən çox alınan və oxunanları sizlərə təqdim edirik.

1. “İki şəhərin nağılı” – Çarlz Dikkens (200 milyon)

Tarixdə ən çox satılan roman ingilis yazıçısı Çarlz Dikkensin “İki şəhərin nağılı” romanı olub. Müəllif öz romanında ingilis cəmiyyətini tənqid edir, eyni zamanda sinfi mübarizənin və Fransa inqilabının səbəblərini araşdırır. Əsərin əsas qəhrəmanları Lüsi Manet və Çarlz Darney iki düşmən ailənin övladlarıdı. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsinin atası doktor Manet iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.

Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə idi, inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manet, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi.

2. “Balaca Şəhzadə” – Antuan de Sent-Ekzüperi (140 milyon)

“Balaca Şahzadə” fransız aristokratı Antuan de Sent-Ekzüperinin 1943-cü ildə yazdığı məşhur alleqorik povestdir. Dünyada ən çox satılan ikinci kitabdır və 250-dən çox dilə tərcümə olunub.

Bu roman uzaq bir planetdən gələn kiçik şahzadənin gözü ilə böyüklərin dünyasına baxır. Biz hamımız nə zamansa uşaq olmuşuq, lakin indi o günləri xatırlamırıq. Balaca şahzadə isə oxucuları, bəşəriyyəti II Dünya müharibəsinin baş verdiyi illərə aparır. Ona görə də bu roman uşaqlar üçün olduğu qədər böyüklər üçün də əhəmiyyətlidir.

3. “On zənci balası” – Aqata Kristi (100 milyon)

Əfsanəvi ingilis dedektiv roman yazıçısı Aqata Kristi 1939-cu ildə “On zənci balası” romanını yazdı və bu roman çap tarixində ən çox satılan kitablardan biri olmağı bacardı.

Kiçik bir ada və bir-birini tanımayan on qonaq. Naməlum ev sahibi. Bəs görəsən hamını bura dəvət edən müəmmalı cənab kimdir? Qonaqların bunu araşdırmağa vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar otaqdakı bütün qonaqları sanki hakim qarşısında, müttəhim kürsüsündə imiş kimi hiss etməyə vadar edir. Əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur.

4. “Da Vinçinin Şifrəsi” – Dan Braun (80 milyon)

Cəmi bir neçə il əvvəl işıq üzü görən kitab artıq dünyanın ən çox oxunan kitabından birinə çevrilib. Bu sirli roman Luvr muzeyində baş verən qətl istintaqının hekayəsindən bəhs edir. Sonradan əsas personajlar Müqəddəs Grail və Məryəm Maqdalenanın taleyi ilə bağlı daha dərin sirləri ortaya atan kitab kilsə tərəfindən birmənalı qarşılanmır.

Qeyd edək ki, roman 2003-cü ildə kilsənin tənqidinə səbəb olur.

5. “Düşün və Varlan” – Napoleon Hill (70 milyon)

“Düşün və Varlan” amerikalı yazıçı Napoleon Hill tərəfindən yazılmış şəxsi inkişaf kitabıdır. Uğur qazanmağın 13 prinsipini təsvir edən kitabını nəşr etdirən Hill “yeni başlayan milyonçular üçün dərsliklər”in əcdadı hesab olunur.

Bu kitab 70 ildir ki, varlanmaq üçün klassik dərslik sayılır və hər fəsildə pul qazanmağın sirlərini açır. Eyni zamanda, kitab insanın şəxsi potensialını inkişaf etdirib zənginləşdirməsinə kömək edir.

6. “Kimyagər” – Paulo Koelyo (65 milyon)

65 milyon nüsxədən çox satışı ilə 1988-ci ildə nəşr olunan “Kimyagər” braziliyalı yazıçı Paulo Koelyonun ən məşhur əsərlərindən biridir və Braziliyada ən çox satılan kitabdır. Paulo Koelyonun romanının qəhrəmanı xəzinə tapmaq üçün Misirə piramidalara can atan əndəluslu çoban Santyaqodur. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. “İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır”, – Koelyo deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

7. “Çovdarlıqda uçurumdan qoruyan” – Cerom Selincer (65 milyon)

Yeniyetmələrin təfəkkür problemlərindən və yeniyetmələrin müasir reallığı inkar etməsindən bəhs edən “Çovdarlıqda uçurumdan qoruyan” kitabı 20-ci əsrin ən mübahisəli kitablarından birinə çevrilib. Bu kitab Qərbdə məktəb dərsliklərinə belə salınıb. Müəllif onun timsalında ətrafdakı hər kəsə, hər şeyə şübhə və etirazla yanaşan yeniyetmə qəhrəman obrazı yaradıb. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin – Holden Kolfild dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilib.

Ləman Vahid