Xəbərlər

Dünyadakı ilk qadın prezident – Vigdis Finnbogadottir

Tarix boyu qadınlar bütün sahələrdə, xüsusən də siyasət kimi məsələlərdə ciddi maneələrlə qarşılaşıblar. Lakin bu çətinliklərə baxmayaraq bəzi qadınlar qlobal siyasət səhnəsində xüsusi iz buraxıblar. Onlardan biri də demokratik şəkildə hakimiyyətə gəlmiş ilk qadın prezident Vigdis Finnbogadottirdir.

O, 1980-ci ildə İslandiyanın 4-cü prezidenti seçildi və bu vəzifəyə gələn ilk qadın dövlət başçısı olaraq dünya tarixində yer aldı. Onun prezident seçilməsi yalnız İslandiyada deyil, bütün dünyada qadınların siyasi liderlikdə yer ala biləcəyinə dair mühüm bir simvola çevrildi. O, 1996-cı ilə qədər ölkəni idarə etdi.

Qeyd edək ki, Vigdis Finnbogadottir dünyanın demokratik yolla seçilmiş ilk qadın dövlət başçısı idi, onun diqqəti hər zaman təhsilin, bərabərliyin və dil müxtəlifliyinin vacibliyinə yönəlmişdi. O həmişə dillərin və mədəni müxtəlifliyin böyük dəstəkçisi olub və bu illər ərzində işinə görə bir sıra mükafatlar alıb.

Onun prezidentliyi dövründə qadın hüquqları və gender bərabərliyi sahəsində mühüm təşəbbüslər irəli sürüldü, mədəniyyət və təhsilə xüsusi önəm verildi, İslandiyanın beynəlxalq nüfuzu xeyli artdı.

Finnbogadottirin prezidentliyi bütün dünyada qadınları ruhlandıraraq, gender bərabərliyində bir mərhələni simvollaşdırdı. Onun insan haqları üzrə vəkilliyi İslandiyanın hüdudlarından kənara çıxaraq Avropa Şurasındakı siyasət və təşəbbüslərə təsir etdi. O, insan hüquqlarının inkişafında, üzv dövlətlər arasında daha çox birlik və anlaşmanın təşviqində dialoq və əməkdaşlığın vacibliyini vurğuladı.

Avropa siyasətində görkəmli şəxsiyyət kimi Finnbogadottir Şuranın demokratiya, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərini fəal şəkildə təbliğ edirdi.

Bütövlükdə, Vigdis Finnbogadottirin irsi insan hüquqlarının inkişafında və Avropa Şurası kimi beynəlxalq təşkilatların işinin formalaşdırılmasında liderliyin transformativ gücünü vurğulayır. Onun qabaqcıl ruhu, bərabərliyə sadiqliyi daha ədalətli və əhatəli dünya üçün səy göstərən şəxsləri ruhlandırmaqda davam edir.

O daha çox mədəniyyət elçisi kimi fəaliyyət göstərərək, ölkəsinin dilini, ədəbiyyatını və milli dəyərlərini dünyaya tanıtmağa çalışırdı.

Qeyd edək ki, o hakimiyyətə gələndə parlament üzvlərinin sadəcə beş faizi qadınlardan ibarət idi. Ölkə o vaxtdan bəri köklü şəkildə irəliləyərək gender bərabərliyi sahəsində dünya lideri oldu.

Vigdis Finnbogadottirin prezident seçilməsi o dövrdəki bir çox qadına ilham mənbəyi oldu və idarəçilikdə qadın liderliyinin də mümkün olduğunu göstərdi. Onun nümunəsi ilə daha sonra dünyanın müxtəlif yerlərində qadın prezidentlər və Baş nazirlər siyasi xadim kimi seçildi.

Qeyd edək ki, o, 1980-ci ildə İslandiyanın prezidenti seçilməzdən əvvəl 1962–1972-ci illərdə İslandiyada əvvəlcə kollajlarda, sonra isə İslandiya Universitetində dərs demişdir. Vigdis Finnbogadottir 1972-1980-ci illərdə sonradan Şəhər Teatrına çevrilən Reykyavik Teatr Şirkətinin bədii rəhbəri olub və 1976–1980-ci illərdə Skandinaviya ölkələrində mədəniyyət məsələləri üzrə Məsləhət Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Prezidentlik dövrünü başa vurduqdan sonra isə 1998-ci ildən YUNESKO-da Dillər üzrə Xoşməramlı səfir, 2000-ci ildən isə BMT-nin Xoşməramlı səfiri kimi fəaliyyət göstərib. 2001-ci ildə Parisdə YUNESKO-nun Elmi Bilik və Texnologiyada Etika üzrə Ümumdünya Komissiyasının (COMEST) ilk sədri olaraq burada enerji, şirin su və informasiya cəmiyyətinin etikasının təşviqinə diqqət yetirmişdir.

Vigdis Finnbogadottir yalnız İslandiyada deyil, bütün dünyadakı qadınlar üçün qürur mənbəyidir.

Ləman Vahid