1904-cü ildə dünyaya göz açan Robertin atası Culius S.Oppenheymer Almaniyada yaşayan yəhudilərdən idi. Belə demək mümkünsə, onu “yaşamağı bacaran” adamlar sırasına daxil etmək olardı. Çünki hələ yeniyetməlik çağlarında – 14–15 yaşlarında “Yeni dünya”ya – ABŞ-a düşməsinə baxmayaraq, yad yerlərdə itib-batmadı. İlk dövrlər bəzi xırda-para işlərlə məşğul olsa da, az sonra hər şeyi qaydasına qoya bildi. Parça alğı-satqısına girişərək bu sahədə bəzi özünəməxsus yeniliklər etməklə uğur qazanmağa başladı. Bir müddət sonra isə gəlirini artırıb əməlli-başlı sərvət sahibinə çevrildi.
Yadımda deyil, amma çox-çox əvvəllər kiminsə belə bir fikrini oxumuşdum: “Yalnız bir işin qulpundan tutan yəhudinin əsl yəhudi olduğuna inanma”. Culius S.Oppenheymer də elə idi. O həm də gözəl rəsm əsərlərinə böyük maraq göstərirdi. Culiusu hətta belə əsərlərin kolleksioneri də hesab etmək olar. Yeri gəlmişkən, onun kolleksiyaları arasında dünyaca məşhur Vinsent van Qoqun üç əsəri də vardı.
Culius S.Oppenheymerin ailə qurduğu xanım Ella Fridman isə əslən baltimorlu idi. Ərinin pul qazanmaq üsulundan fərqli olaraq o, rəssamlıq edib gözəl əsərlər ərsəyə gətirirdi. Hətta bu sahədə yetərincə tanınmışdı da. Bundan savayı, Ella Fridman rəssamlıqdan dərs də deyirdi. Bioqrafların yazdığına görə, Nyu-Yorkda yaşayan ailənin maddi durumu yaxşı idi. Lakin bu gənc cütlük bilmirdi ki, onların 1904-cü ildə (aprelin 22-də) doğulan oğlu bir gün adı unudulmayan insanlardan birinə çevriləcək: Robert Oppenheymer. Məlumat üçün bildirim ki, onların Frank adlı bir oğlu da vardı ki, sonradan o da məşhur elm adamlarından biri kimi tarixə düşdü.
Robertə gəlincə, öncə onu demək gərəkdir ki, o elə uşaqlığında da digərlərindən çox fərqlənirdi. Qeyri-adi zəkasına, bacarığına, iti yaddaşına görə seçilən bu balaca oğlan hələ orta məktəbdəcə ən çətin dərsləri, xüsusən də fizika və riyaziyyatı çox asanlıqla öyrənir, çətinlik çəkmədən müəllimlərinin bütün suallarını cavablandırırdı. Onu da qeyd edim ki, Robertin 9 yaşı olar-olmaz anası Ella dünyasını dəyişir, amma bu ağır itki balaca oğlanı dərsindən, həvəsindən sapdırmır…
Fitri istedadın elmə doğru yolu…
Orta məktəbi bitirdikdən dərhal sonra – 1922-ci ildə Robertin məşhur Harvard Universitetinə qəbul olması heç kimi təəccübləndirmədi. Onu tanıyanlar əmin idi ki, Robertin bilik sarıdan heç bir problemi olmayacaq. Lakin sən demə, heç yaxınları da onu kifayət qədər tanımırmış. Çünki gəncin potensialı tələbəlik illərində daha da parlaq şəkildə özünü göstərdi və o, dördillik tədris proqramını asanlıqla ödəyərək Harvardı 3 ilə başa vurdu. Bütün qiymətləri də əla idi. Amma gənc heç də bu təhsili ilə kifayətlənmək fikrində deyildi. Bu səbəbdən Robert Avropaya üz tutdu – dünyanın ən sanballı təhsil ocaqlarından biri hesab edilən Kembric Universitetinə qəbul olundu.
Lakin onun kimi savad sahibinin yalnız tələbəlik həyatı ilə kifayətlənəcəyi o qədər də inandırıcı görünmürdü. Elə ilk dövrlərdə onun fitri istedadı burada da alimlərin diqqətindən yayınmadı və o, Rezerfordun rəhbərliyi ilə Kavendiş laboratoriyasında çalışmağa başladı. Maraqlı idi, artıq müəllimləri onun bir tələbədən daha yüksəklərdə dayandığını qəbul etmişdilər. Çox keçmədi ki, laboratoriyada aparılan təcrübə və elmi sınaqlarda müəllimləri ilə bərabər işləyən Robert Oppenheymerə Almaniyadan məşhur fizik Maks Born tərəfindən birgə işləmək üçün dəvət gəldi. Onsuz da daha mürəkkəb elmi işlərlə məşğul olmaq istəyən Robert bu təklifi böyük həvəslə qəbul etdi və tezliklə Almaniyaya gedərək Gettingen Universitetində işləməyə başladı.
Bu əsnada Robert öz elmi işləri üzərində çalışmalarını da davam etdirirdi. Artıq o, 1927-ci ildə tam proqram üzrə imtahanları verərək doktorluq dissertasiyasını müdafiə etdi. Atom yüklü sərbəst elektronların qarşılıqlı fəaliyyəti üzrə nəzəriyyəni də Robert məhz burada hazırladı. Sonra Bornla birgə ikiatomlu molekullarla bağlı nəzəriyyəni yaratdılar. Bunlar artıq nəzəri fizikada görünməmiş nailiyyətlər idi. Amma bu o demək deyildi ki, onun elmi araşdırmaları yalnız Gettingen Universiteti ilə məhdudlaşmışdı. Xeyr, çox gənc olmasına baxmayaraq, onun adı artıq dünyanın müxtəlif elmi mərkəzlərində hallanırdı. Bunun nəticəsi idi ki, 1928-ci ildə Sürixin Leyden Universitetində Volfqanq Pauli ilə birgə yeni elmi araşdırmalar üzrə işlərini davam etdirən gənc alim onu maraqlandıran nəzəriyyə və təcrübələr üzərində çalışırdı.
Amerikaya qayıdış
Buradakı işlərini tamamladıqdan 1 il sonra isə Robert Oppenheymer vətəninə – Amerikaya döndü. Qeyd edim ki, bu zaman onun cəmi 25 yaşı var idi. O, ABŞ-a döndükdən sonra elmi araşdırmalarını davam etdirməklə yanaşı, elmlər doktoru adını da aldı. Avropadakı, eləcə də Amerikadakı elmi fəaliyyətləri, nəzəriyyələri, qeyd etdiyim kimi, artıq gənc alimə çox böyük şöhrət gətirmişdi. Məhz bu səbəbdən Birləşmiş Ştatlarda Robert Oppenheymerin rahat, maneəsiz elmi fəaliyyəti, təcrübələr aparması üçün istənilən şərait yaradıldı.
Bütün bu fəaliyyətləri ilə yanaşı, o, bir neçə universitetdə dərs deməyə də başladı. Yeri gəlmişkən, Robert Oppenheymer Amerikada kvant mexanikasından dərs deyən ilk müəllim idi. Amma bütün bunlara baxmayaraq, müəllimlik, tələbələrə dərs vermək onun ürəyincə olmadı. Çünki tələbələrinin, mühazirələrini dinləyənlərin onu yetərincə anlamaması Roberti məmnun etmirdi.
Amma o vaxt Robert Oppenheymer bəlkə də bilmirdi ki, nəzəriyyələri, elmi araşdırmaları, ən nəhayət, zəkası addım-addım onu dünyanın ən qorxunc silahının yaradılmasına doğru aparmaqda idi. Elə bir silah ki, onun adı atom bombası olacaq və bir göz qırpımında on minlərlə canlını, böyük şəhərləri, neçə-neçə kəndi dağıdacaq, yandırıb külə döndərəcək, özündən sonra belə həmin ərazilərdə uzun illər boyu həyatın davamını iflic edəcək. Bəlkə, heç ona da inanmırdı ki, həmvətənləri həmin silahı insanlığa qarşı işlədəcəklər. Kim istərdi ki, ona dünyanı dağıdan adam kimi baxsınlar?
Siyasi hakimiyyət qeyri-adi zəka sahibi olan Roberti bu yola yönləndirirdi. Çünki dünyanı nəzarət altında saxlamaq, rəqiblərində qorxu yaratmaq və hegemonluq etmək üçün onlara məhz belə qorxunc silah lazım idi. İnsan həyatının, Yaradanın insanlıq üçün buyurduqlarının isə ambisiyaların yanında heç bir dəyəri yox idi…
Elmin gətirəcəyi dəhşət…Müharibə…
Onunsa tərcümeyi-halında bunlar yer alacaqdı: “…Robert Oppenheymer – kvant mexanikası üzrə əsas işlərin, eləcə də atom nüvəsi fizikası və kosmik şüalanma, izotopların, neytron hissəciklərin ayrılması nəzəriyyələrinin müəllifi. 1943–45-ci illər ABŞ-ın atom bombasının hazırlanması layihəsinin rəhbəri…”.
Lakin hələ bu proseslərə xeyli – 10–15 il qalmışdı. Dünya isə artıq qaynamağa başlamaqda idi…
Robert Oppenheymer Amerikaya qayıtdıqdan bir neçə il sonra Avropaya qorxunc bir hərəkat, ideologiya yoluxmağa başlamışdı. Faşizm ideoloqları uğurla Almaniyada, İtaliyada və bir sıra ölkələrdə öz ideyalarını yaymağa, ətraflarına tərəfdar toplamağa nail olmuşdular. O vaxt Avropanın aparıcı dövlətləri, eləcə də alman hakimiyyəti bütün bunların təhlükəli nəticələrə gətirib çıxaracağını bilsə də, onun qarşısını almaqda aciz idi. Bəlkə də bəziləri bu bəlanın onlardan yan keçəcəyinə özlərini inandırdıqları üçün radikal tədbirlər haqqında düşünmürdülər. Təhlükə reallaşmağa başladıqda isə artıq çox gec idi. Çünki nasistlərə qarşı istənilən tədbir prosesi daha da alovlandırmaqda idi…
Cərəyan edən hadisələr sürətlənmişdi. Artıq hakimiyyətə gəlməyi bacaran Adolf Hitlerin partiyası 1939-cu ildə II Dünya müharibəsinə başladı. Bəli, “qoca qitə”nin mərkəzində böyük yanğın, fəlakət başlamışdı. Lakin sən demə, bunlar da az imiş. Məhz bu zaman məşhur fizik-alim Albert Eynşteyn və Leo Silard yeni bir təhlükə barəsində məlumat verdilər: almanlar atom bombasının yaradılması üçün artıq hazırlıqlara başlayıblar. Bu, nəinki Avropa üçün, hətta bütövlükdə dünya üçün dəhşətli fəlakətlərdən xəbər verirdi.
Həqiqətən də Hitlerin etibar etdiyi mütəxəssislər, alimlər artıq atom bombasının yaradılması üçün hərəkətə keçmişdilər. Əldə edilən informasiyalardan məlum olmuşdu ki, ən dağıdıcı gücə malik silahın açarı sayılan zəncirvari reaksiyanın əldə olunması üzərində işlər gedir. Belə bir bombanın Adolf Hitlerin əlinə keçməsinin necə qorxunc faciələrə gətirib çıxaracağını aydın təsəvvür etmək heç də çətin deyildi. Məsələnin daha mürəkkəb tərəfi isə həmin prosesə mane olacaq imkanların mümkün görünməməsi idi. Nisbətən optimal variant kimi belə hesab edilirdi ki, həmin silahı Almaniyadan daha tez əldə etməklə füreri fakt qarşısında qoymaq olar.
“Manhetten layihəsi” və Oppenheymer…
Nəhəng elm adamlarının “SOS” siqnalı Amerikanı da hərəkətə gətirmişdi. Nəticədə prezident Franklin Ruzvelt atom bombasının yaradılması istiqamətində işlərin başladılmasına start verdi. Məşhur “Manhetten layihəsi” adlandırılan bu işin aparılması üçün böyük bir elmi heyət yaradıldı, təcili maliyyə vəsaiti ayrıldı. Yeri gəlmişkən, Kaliforniya radiasiya laboratoriyasının direktoru E.Lourens kommunistlərə rəğbət bəslədiyinə görə Robert Oppenheymeri elmi heyətin tərkibinə daxil etməmişdi.
Əslində, bu informasiyanın kökü əsassız deyildi. Məlum idi ki, onun 1939-cu ildə boşadığı arvadı Cin Tetlok kommunist partiyasının üzvü olmuşdu. Ümumiyyətlə, Oppenheymerin 1939-cu ildə ikinci dəfə evləndiyi Ketrin Harrison da eyni siyasi hərəkatın üzvü idi.
Aparılan söhbətlər zamanı Oppenheymer hər kəsi inandıra bildi ki, o bu layihədə sırf elm adamı kimi iştirak edəcək və heç bir problem yaranmayacaq. Əslində, onun elmi zəkasından vaz keçilməsi də mümkün görünmürdü. “Manhetten layihəsi”nin hərbi rəhbəri, ABŞ ordusunun general-leytenantı Lesli Riçard Qruvs Lourensi öncə başladığı işdən ayırmağı məqsədəuyğun görmədiyi üçün layihənin elmi rəhbərliyini Robert Oppenheymerə həvalə etdi. General ən yüksək dairələrə də bildirmişdi ki, layihənin uğurlu alınması üçün Oppenheymer çox vacibdir. Beləliklə, Robert heyətdə yer aldı və 1940–41-ci illərdə atom bombasının yaradılması işində birinci mərhələ başlandı…
Aktiv faza
1942-ci ildə isə “Manhetten layihəsi”nin aktiv fazasına start verildi. Bu müddət ərzində Oppenheymerin işindəki irəliləyişlər “yuxarıla-rın” gözündən yayınmadı. Gənc alimin bacarığı, elmi potensialı, malik olduğu enerjisi onu daha da irəliyə apardı. 1 il tamam olmamış onu Los-Alamos milli laboratoriyasının baş direktoru təyin etdilər. Bu, olduqca böyük potensiala malik bir elmi-nəzəri təcrübə mərkəzi idi. Təkcə elmi personalının sayı 1500 nəfəri adlayırdı.
Həm heyətin apardığı işin son dərəcə ciddiliyini, həm də ozamankı hərbi-siyasi ab-havanın mürəkkəbliyini nəzərə alsaq, deyə bilərik ki, “Manhetten layihəsi” ciddi, ölkə rəhbərliyinin ən çox diqqətində olan bir layihə idi və onun ətrafında gedən proseslərdən baş açmaq heç də asan deyildi. Özü də ara-sıra qabardılan köhnə şübhələr – kommunistlərlə əlaqədə olma ehtimalları Robert Oppenheymeri hər dəfə ciddi təhlükələrlə üz-üzə qoyurdu. Bunlar elə təhlükələr idi ki, kimliyindən asılı olmayaraq hər kəs istənilən an malik olduğu hər şeyini itirə bilərdi – azadlığını, ad-sanını, ailəsini, hətta həyatını belə…
Oppenheymer də bunların birini 1943-cü ildə yaşamış oldu. Sənədlərdə göstərilir ki, həmin ildə Birləşmiş Ştatların əks-kəşfiyyat xidməti məsləhət görür ki, malik olduğu statusuna görə çox gənc olan bu yəhudi vunderkind rəhbər vəzifədən kənarlaşdırılsın. Şübhəsiz ki, yenə kommunistlərlə əlaqə məsələsi gündəmə gəlmişdi. Əslində, belə situasiya üçün kəşfiyyatın təqdimatı həmişə önəmli bir rol oynayıb. Lakin Lesli Qruvs bu dəfə də deyilənlərə qulaq asmadı. Görünür, məsələ ilə bağlı onun öz ehtimalları daha doğru idi. Elə hadisələrin sonrakı inkişafı da göstərdi ki, general öz inamında haqlı imiş… Belə ki, Oppenheymer gözlənilmədən xüsusi xidmətə məlumat verdi ki, tanıdığı bəzi şəxslər ona gizli məlumatları SSRİ-yə ötürməsini təklif edirlər. Bir çoxları isə bunların doğru olmadığını, hətta Oppenheymerin belə üsulla daha böyük inam qazanmaq istədiyini düşündü. Lakin o, konkret adlar və faktlar söyləyərək heç nəyin uydurma olmadığını sübuta yetirdi. Qeyd edim ki, onun adlarını çəkdiyi iki şəxsdən biri işdən təcili çıxarılaraq harasa göndərildi, digəri isə 1 il sonra intihar etdi. Zarafat deyil, səhnədə dünyanı lərzəyə salacaq qorxunc bir silahın yaradılması dururdu.
Artıq qorxunc silah hazırdır!
1945-ci il idi. Bombanın hazırlıqları başa çatmışdı. Bütün çəkilən xərclərin, gecə-gündüz aparılan işlərin, sərf olunan böyük əməyin müqəddəratı keçiriləcək sınaqlardan asılı idi. Beləliklə, yoxlama partlayışı 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatında – Alamoqordoda keçirildi. Bu, əsl cəhənnəm idi. Hətta sınağı müşahidə edən alimlərin çoxu dəhşətə gəlmişdi. Onlar nə yaratmışdılar?!.
Robert Oppenheymerin özü belə bombanın gücündən heyrətlənmişdi. Bu zaman o, hind eposu “Bhaqavat-Gita”dan çoxlarının yaddaşına həkk olan məşhur sözləri söyləmişdi: “Əgər minlərlə Günəşin parıltısı göy üzündə eyni anda alışırsa, bu mənim qüdrətimin əzəmətidir. Mən ölümlərlə, dünyanı dağıdanla gələcəyəm…”.
Bəli, atom bombası artıq hazır idi. Amma elə bu zaman qarşıda daha vacib bir sual durmuşdu: onunla nə etməli? Faşist Almaniyası artıq xarabalıqlar içərisində məğlubiyyətin acılarını yaşayırdı, Yaponiya isə Almaniyasız təhlükə yarada bilməzdi. O dövrdə Ruzvelti yenicə əvəzləmiş Harri Trumen həmin sualı müzakirə etmək üçün elm adamlarını bir yerə yığdı. Əslində, bu da formal bir aksiya idi. Çünki siyasi hakimiyyətin artıq öz planları var idi. Yəni nə olursa olsun, bütün dünya açıq şəkildə Birləşmiş Ştatların hansı gücə malik olduğunu görməliydi və hər kəs Vaşinqtonu supergüc kimi qəbul etməliydi. Bunun üçünsə hərb maşını işə salınmışdı, dayandırılması da çox çətin idi…
Günahsız qurbanlar
Ağ Ev elm adamlarının “körpü” adlandırdığı atom bombasının Yaponiyanın Xirosima məntəqəsinə atılmasına məxfi şəkildə qərar verdi. ABŞ-ın bombardmançı təyyarələri Xirosimaya zərbə endirməliydi, amma ehtiyat variantında Kokura və Naqasaki məntəqələri də var idi. Avqustun 6-da gecə saat 01:45-də Tinianda yerləşən 509-cu aviasiya alayından polkovnik Pol Tibbetsin başçılığı ilə təyyarələrin uçuşuna start verildi. Atom bombası “B-29” bombardmançı təyyarəsinə yerləşdi-rilmişdi. Köməkçi və qoruyucu təyyarələr isə onu müşayiət edirdi.
Xirosimaya qədər təxminən 6 saatlıq uçuş məsafəsi vardı. Əslində, yapon radarları Amerika təyyarələrinin irəlilədiklərini təsbit etmiş və hərbi bazalara bununla bağlı həyəcan siqnalı vermişdi. Amma az sonra yaponlar səmada yalnız bir bombardmançı daxil olmaqla cəmi 3 təyyarənin uçduğunu öyrəndikdən sonra hərbi bazalara verilmiş hava həyəcanı siqnalını ləğv etdilər. Onların fikrincə, bu, ya kəşfiyyat tipli uçuş, ya da adi bir bombardman ola bilərdi ki, bu da müharibə tərəfləri üçün gündəlik təbii hadisə idi. Lakin onlar nə biləydi ki, insanlığın görmədiyi bir dəhşət yaşanacaq… 9 min metr yüksəkdə uçan “B-29” səhər saat 8:15-də atom bombasını Xirosimanın mərkəzinə atacaq və 45 saniyə sonra o müdhiş partlayış baş verəcək…
Amerikanlar bununla da sakitləşmədilər. Yaratdıqları bu nəhəng “ölüm maşını”nın digər effektlərini də görmək istədilər. Yaponlar isə baş vermiş fəlakətdən hələ özlərinə gəlməmiş, 3 gün sonra – avqustun 9-u birincidən də güclü partlayış yaşadılar. Bu dəfə bombardmançıya Kokura məntəqəsini atom zərbəsinə məruz qoymaq tapşırığı verilmişdi…
Mayor Çarlz Suininin komandanlığı altında start götürən hücum əməliyyatı səhər 09:20-də həyata keçirildi. Lakin Kokuranın üzərində uçuşan təyyarə idarəetmə mərkəzini məlumatlandırdı ki, hədəfin üzəri buludlu olduğu üçün yaxşı görünmür. Mərkəzdən isə bu acımasız əmr gəldi: “Orada göstərilən ilk hədəfi bombalayın!..”.
Qəribəydi, onlar bilirdilər ki, yenidən ölçüyəgəlməz faciələr yaşanacaq. Bu dəfə də on minlərcə günahsız adam həlak olacaq. Amma Allahı unudub iblisin diktəsini qəbul edənlər üçün bunun zərrə qədər də əhəmiyyəti yox idi. Bəli, bir qədər aralıda yerləşən Naqasaki qurban kimi seçildi. 10:56-da bombardmançı artıq hədəfin üzərində idi. Bu dəfə isə yaponlar amerikalıların “Şişman” adlandırdığı atom bombasının dəhşətini yaşadılar…
“Dünyanı dağıdan”ın qorxusu və prezidentlə dialoq
Sənədlərdə göstərilir ki, partlayışın baş verdiyi yerə yaxın nə varsa, külə çevrilib yerlə yeksan olmuşdu. Canlıların əksəriyyətindən yalnız kül və ya eybəcər hala düşmüş görüntülər qalmışdı. Bu bombardmanların necə böyük fəlakətlərə səbəb olduğunu görən Robert Oppenheymerin özü də dəhşətə gəlir və tutduğu mövqedən – Los-Alamos laboratoriyasının direktorluğu vəzifəsindən istefa edərək Kaliforniyaya qayıdır.
Bu haqda bioqraflar maraqlı bir dialoqdan da bəhs edirlər. Həmin dialoq Robert Oppenheymerlə ABŞ-ın dövlət başçısı arasında baş verir. Alim onu qəbul edən prezident Harri Trumenlə görüşündə belə deyir:
– Mən axan qanları öz əllərimizdə hiss edirəm.
Prezident isə:
– Narahat olmayın, bunların hamısı duşda gedəcək, – deyə cavab verir.
Oppenheymer gördüyü işlərə görə prezident Trumen tərəfindən mükafatlandırılır. Sonra isə Prinstonda Fundamental Tədqiqatlar İnstitutunun direktoru kimi fəaliyyətini davam etdirir. Yeri gəlmişkən, o, daha güclü silah kimi nəzərdə tutulan hidrogen bombasının əsl soyqırımı silahı olacağını bildirərək onun yaradılmasına qarşı çıxır. Bu addımından sonra Oppenheymer onun əleyhinə olan həmkarları tərəfindən hücumlara məruz qalır – alim yenə kommunistlərlə əlaqədə günahlandırılır. Bu dəfə onu sevməyənlər istədiklərinə nail olurlar – Oppenheymerə bir sıra məxfi laboratoriyalara giriş qadağan edilir. Bu səbəbdən hər şeyi atıb adi bir həyat sürməyə qərar verən Oppenheymer Virciniya adalarına köçür.
Bu da son
“Dünyanı dağıdan adam” yalnız L.Conson prezident seçildikdən sonra üzərindəki şübhələri dağıda bilir. Hətta bundan sonra mükafatlandırılır da. Amma… Çox ciddi xəstəlik keçirən Robert Oppenheymer 1967-ci il fevralın 15-də komaya düşür və 3 gün sonra Prinstondakı evində dünyasını dəyişir. Doğmaları onu yandırıb külünü adadakı evinin yaxınlığındakı dənizə səpirlər.
Amerika üçün kütləvi qırğın silahı yaradan Oppenheymerin özündən sonra onlarca elmi əsəri qalır. Bir də… Xirosima və Naqasakidə ölən günahsız insanların ahı…