“Bilginin, mədəniyyətin gücünə inanıram.
Amma təhsilin gücünə daha çox inanıram”.
Naməlum
Təhsil yeni biliklər və bacarıqlar qazanmağımıza kömək edən uzunmüddətli bir prosesdir. O, sonu olmayan, həyatımızın hər anında öyrənmə ehtiyacımızın olduğunu göstərən çox unikal bir sosial vasitədir. Bu mənada təhsili müəyyən müddətlə məhdudlaşdırmaq olmaz. Çünki müasir dövrdə təhsili ömürboyu davam edən, insanı, insanlığı, eyni zamanda dünyanı dəyişdirə bilən bir güc hesab etmək olar.
Təhsil insan həyatında sadəcə məktəb qiymətləri, imtahan həyəcanı və nəticə etibarı ilə diplom əldə etməkdən çox fərqli bir hadisədir. Təhsil müasir cəmiyyətlərdə yalnız biliklərin ötürülməsi prosesi deyil, həmçinin fərdin psixoloji, sosial və intellektual inkişafını təmin edən əsas mexanizm kimi çıxış edir. Bu baxımdan təhsilin özünəinamlı fərdlərin formalaşmasında rolu xüsusilə əhəmiyyət kəsb edir. Özünəinam fərdin bilik və bacarıqlarına əsaslanan, onun qərarvermə prosesinə, sosial münasibətlərinə və peşəkar fəaliyyətinə birbaşa təsir göstərən daxili inam hissidir.
Təhsil prosesi fərdlərə tənqidi düşünmə, məlumatları analiz etmə və qiymətləndirmə bacarıqları qazandırır. Eyni zamanda onları manipulyasiya və yanlış informasiya risklərindən də qoruyur. Elmi biliklərə əsaslanan düşüncə tərzi fərdin intellektual azadlığını gücləndirir və rasional qərarların qəbulunda mühüm rol oynayır. Bu isə şəxsin özünün bilik və mühakimələrinə olan inamını artırmaqla davamlı özünəinam hissinin formalaşmasına təkan verir.
Qloballaşma və rəqabət mühitində fərdlərin erkən yaşlardan özlərinin sosial, akademik və peşəkar inkişaflarını təmin etmələri qaçılmazdır. Belə bir şəraitdə özünəinam hissinin, ünsiyyət bacarıqlarının yetərsizliyi özünü şəxsin sosial həyatında birmənalı büruzə verir. Müxtəlif tədqiqatlar göstərir ki, bu tip çatışmazlıqlar, əsasən, kifayət qədər keyfiyyətli və sistemli təhsil mühiti ilə təmin olunmayan fərdlərdə daha çox müşahidə olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, özünəinam anadangəlmə keyfiyyət deyil. Zamanla sosiallaşma və təhsil prosesində formalaşan dinamik bir xüsusiyyətdir. Buna görə də təhsil müəssisələri yalnız akademik biliklərin deyil, eyni zamanda kommunikasiya, problem həll etmə və sosial adaptasiya bacarıqlarının inkişaf etdirildiyi mühitlər kimi çıxış etməlidir. Bu yanaşma təhsilin insan kapitalının inkişafındakı rolunu gücləndirməklə yanaşı, cəmiyyətin sosial və iqtisadi dayanıqlığının təmin olunmasına da müsbət töhfə verir.
Beynəlxalq təşkilatların araşdırmaları təhsilin yoxsulluğun azaldılmasında mühüm rol oynadığını göstərir. Xüsusilə UNESCO-nun açıqlamalarında qeyd olunur ki, dünya əhalisindən bütün yetkinlik yaşına çatmış şəxslərin ən azı orta təhsil səviyyəsi olsaydı, qlobal yoxsulluq səviyyəsi 50 faizdən az olardı. Bu fakt təhsilin yalnız fərdi deyil, həm də makroiqtisadi səviyyədə sosial rifahın yüksəldilməsindəki həlledici rola malik olduğunu göstərir. Çünki yoxsulluq sosial-iqtisadi inkişafın qarşısında duran əsas maneələrdən biri kimi fərdlərin həyat səviyyəsini, zəruri imkanlara çıxışını və uzunmüddətli perspektivdə cəmiyyətin dayanıqlığını ciddi şəkildə məhdudlaşdırır. Yoxsulluq şəraitində yaşayan fərdlər üçün əsas prioritet bilik əldə etmək və ya təhsil almaq deyil, gündəlik zəruri ehtiyaclarının ödənilməsi olur. Bu vəziyyət isə yoxsulluğun nəsildən-nəslə ötürülməsinə səbəb olan struktur problemləri daha da gücləndirir.
Təhsil fərdlərə əmək bazarında rəqabət qabiliyyətini artıran bilik və bacarıqlar qazandırmaqla daha yüksək gəlirli məşğulluq imkanlarına çıxışını təmin edir. Təhsilli şəxslər sabit və daha yaxşı maaşlı işlərdə çalışmaqla yanaşı, öz ailə üzvlərinin sosial-iqtisadi təhlükəsizliyini təmin edə və cəmiyyətin qərarvermə proseslərində daha fəal iştirak edə bilirlər. Bundan əlavə, daha yüksək gəlir səviyyəsi fərdlərə uzunmüddətli investisiya imkanları yaradır ki, bu da mənzil əldə etmək, keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmaq və gələcək nəsillərin inkişafına sərmayə qoymaq kimi mühüm sahələri əhatə edir.
Beləliklə, təhsil özünəinamlı, tənqidi düşünən və müasir dünyanın mürəkkəb çağırışlarına cavab verə bilən fərdlərin formalaşmasında fundamental rol oynayır. Təhsilə strateji yanaşma yalnız fərdlərin inkişafını deyil, bütövlükdə cəmiyyətin davamlı tərəqqisini təmin edən əsas amil kimi qiymətləndirilməlidir. Bundan başqa təhsil eyni zamanda yoxsulluğun aradan qaldırılması istiqamətində ən effektiv və davamlı mexanizmlərdən biri kimi çıxış edir. Təhsilə yönəlmiş sistemli və inklüziv yanaşma yalnız fərdlərin həyat şəraitini yaxşılaşdırmır, paralel olaraq cəmiyyətin sosial ədalətini və iqtisadi dayanıqlığını gücləndirir.
Müasir dünya dərin sosial, iqtisadi və texnoloji transformasiyalar mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma və əmək bazarının strukturunda baş verən dəyişikliklər gələcəklə bağlı qeyri-müəyyənlikləri artırmaqla yanaşı, fərdlərdən daha yüksək adaptasiya və çeviklik qabiliyyətini tələb edir. Bu baxımdan təhsil gələcək üçün möhkəm və dayanıqlı təməl formalaşdıran əsas institutlardan biri kimi çıxış edir.
Cəmiyyətin sosial quruluşu və əmək bazarının dinamik inkişafı, ənənəvi peşə modelləri yerini çevik və çoxşaxəli bacarıqlara əsaslanan məşğulluq formalarına verir. Bu prosesdə təhsil fərdlərin yalnız mövcud əmək bazarına inteqrasiyasını deyil, həm də gələcəkdə yaranacaq yeni peşə və ixtisasları görüb uyğunlaşmasını təmin edir. Təhsilli fərdlər innovasiyalara daha açıq olur, riskləri düzgün qiymətləndirir və qeyri-müəyyən mühitlərdə inkişaf etmək potensialına malik olurlar.
Beləliklə, təhsil gələcəyin sosial-iqtisadi sabitliyinin və fərdlərin rifahının əsas dayaqlarından biridir. Davamlı və keyfiyyətli təhsil cəmiyyətin dəyişən tələblərinə uyğun insan kapitalının formalaşdırılmasına şərait yaradır və gələcəyə inamla baxmağın fundamental əsası kimi çıxış edir.



