Elmin Nuri Ədəbiyyat

Dünyanın bir çox ölkələrində tələbələr yetişdirən Azərbaycan fəlsəfi nəzəriyyələri

Giriş üçün sözardı…

Yəqin bir çox insanda bu proses baş verib: elə kitablar, əsərlər olub ki, onları oxuyandan sonra dünyaya başqa pəncərədən boylanıb, başqa bir “eynək”dən aləmi müşahidə etməli olub.

Mənim üçün bu fərqli “eynək”lərin ilki, dünyaya yanaşmamı dəyişən kitab Mövlananın “Məsnəvi”si olub. O zamanlar ikinci kursda oxuyurdum və heç kəsə açıb deyə bilmədiyim, sanki öz kəşfim olan dünyanın orada yatdığını gördüm. Daha sonra Xətainin sufi məzmunlu gəraylı və qoşmaları, Dostoyevskinin “Karamazov qardaşları” romanı, Çexovun “6 nömrəli palata” kimi möhtəşəm əsərləri bu fərqli dünyanın qapılarını daha da genişləndirdi. Mövzu və ruh fərqli olsa da, onlar mənə fərqli dünyalar bağışladılar.

Amma sonuncu siyahıdakı iki nəhəng şəxsiyyətin – Seyid Yəhya Bakuvi və Şihabəddin Yəhya Sührəvərdinin bizə qazandırdığı eynək tamam fərqli rənglərə çalmış oldu. Əvvəlcə onu deyim ki, orta əsr İslam Şərqinin böyük fikir adamları olan bu iki sufi filosofların əsərlərindən əvvəl onların yaratdıqları düşüncə sistemi, təriqət adlandırılsa da, əslində, nəhəng fikir şəbəkəsi olan idraki məhsullar – Xəlvətiyyə və İşraqilik özünün dərin məna qatları ilə bizi sehirləyə bildi.

Təəssüf ki, bu iki fikir nəhənginin yazdığı əsərlərin bir çoxu dövrümüzə qədər gəlib çatmayıb. Amma başda mərhum filosof-alim, professor Zakir Məmmədov olmaqla bir çox elm adamlarımızın sayəsində xəlvətiyyə və işraqilik nəzəriyyələrinin, fikir sistemlərinin əsas mahiyyətini özündə əks etdirən “Kitab-ül əsrar” və “İşıq heykəlləri” əsərləri, həqiqətən də, dünyaya baxışda tamam fərqli pəncərələrin açılmasına səbəb oldu…

Təsadüfi deyil ki, hazırda da hər iki sufi filosofun ideya müəllifi olduğu fikir sistemləri dünyanın bir çox ölkələrinə yayılmış və Asiya, Avropanın müxtəlif ölkələrində öz tələbələrini yetişdirmişdir.

Xəlvətdə doğan günəş

1426-cı ilin soyuq qış ayları… Şamaxından Bakıya gələn əli əsalı, çiyni heybəli bir dərvişin yorğun görkəmi yolçuların diqqətindən yayınmır. Lakin kimsə fərqinə varmır ki, onu yoran uzun yol yox, sufi ocağının adına yaraşmayan, mənəviyyatını ləkələyən hadisələrdir. O da bununla barışa bilmədiyi üçün Şamaxıdan Bakıya pənah gətirir.

Həmin qış Şirvan şeyxi Sədrəddinin ölümündən sonra xanəgahda mürşidin kim olacağı üstündə mübahisə başlanır. Şeyx Sədrəddin ölümündən qabaq hamının yanında ən sevimli müridi, gələcəkdə xəlvətilik cərəyanının “piri-sani”si adlandırılacaq Seyid Yəhyanı öz yerinə mürşid təyin edir. Amma şeyxin ölümündən sonra təkkədə onun zəkasını qəbul edə bilməyən dərvişlər Seyid Yəhyanın mürşid seçilməsinə qarşı çıxır. Nəticədə, Pirzadə adlı mürid dərgahın şeyxi olur. Bununla barışa bilməyən Seyid Yəhya Şamaxıdan Bakıya yol alır. Amma nə o, nə də Şamaxıdakı sufi dərgahının müridləri bilirdilər ki, bu səfər Seyid Yəhyanı Şərqin böyük müdriklərindən birinə çevirəcək, birbaşa Şirvanşah Xəlilullahın özündən dəstək alan Seyid Yəhya Bakıda məşhur elm ocaqlarından birinin – Seyid Yəhya mədrəsəsinin əsasını qoyacaq. Bu elm ocağının əsas işi xəlvətiyə təriqətinin təbliği olsa da, dövrün bütün dünyəvi elmlərinə də burada yer verilirdi.

Seyid Yəhya Bakıya gələndən sonra Şirvanşah I Xəlilullahın yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açır. Seyid Yəhya Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilullahın yardımçı olmasını əsərlərində dönə-dönə qeyd edir. Bir dərgahdan daha çox elm ocağı rolunu oynayan Seyid Yəhya mədrəsəsi Şərqin bir çox ölkələrindən olan insanları özünə cəlb edir.

Şirvanşah I Xəlilullah xan ilə aralarındakı isti münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın “Kəşfül-qülub” əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: “Bu risaləni uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, Xəlilür-Rəhmanın adaşı Sultan ibni Sultan Əmir Xəlilullahın gündən-günə artan dövlətinin vasitəsi ilə tapdığım əmniyyət ilə yazdım”.

Seyid Yəhya 1466-cı ilə qədər həmin elm ocağından kənara çıxmadı. Dünyanın dörd tərəfindən yanına axışan mürid və tələbələr onun elmindən, irfanından yararlandılar. Seyid Yəhya mədrəsəsi haqqında əfsanələr dildən-dilə dolaşdı. Deyilənə görə, ömrünün sonunda Seyid Yəhya altı ay heç nə yemədi, yalnız hər on beş gündən bir iftarını açdı. Daim öz hücrəsinə çəkildi. Ölüm ayağında olanda isə müridlərinə onun üçün yox, Şirvanşah Xəlilullah üçün dua etmələrini istədi. Baxmayaraq ki, Şirvan şahı 8 ay əvvəl dünyadan köçmüşdü. Səbəbini soruşanda isə belə dedi: “O, bu həyatda ən vacib işi gördü, elmə dayaq oldu. Bir elm ocağı tikən adam bütün alqışlara və rəhmətə layiqdir.

Bir az da Xəlvətilik barədə

Xəlvətilik təriqəti Seyid Yəhyadan əvvəl də mövcud idi. Lakin onun elmi əsaslarını, nəzəri prinsiplərini hazırlayan, sistem halına salan və dünyamiqyaslı düşüncə sistemi halına salan isə Yəhya Bakuvi idi.

Xəlvətilik təriqətinin Azərbaycan sərhədlərindən kənara çıxaraq sözün həqiqi mənasında böyük bir təriqətə çevrilməsi XV əsrdə yaşamış Seyid Yəhya Bakuvinin adı ilə bağlıdır.

Xəlvəti təriqəti Yəhya Bakuvinin zamanında daha da böyüyərək Azərbaycandan bütün İslam aləminə yayılıb. Bu səbəbdən də ona həm də Pir Ömərdən sonra Ustad Sani, yəni ikinci Ustad ləqəbi qoyulub.

Seyid Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlərlə müridə malik olub.

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlunun qeydlərindən oxuyuruq:

“Daha sonralar Xəlvətiliyin qol və şöbələrinin sayı qırxı keçib. Həzrəti Əlidən başlayaraq Əbülqahir Sührəvərdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşub.

Şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif mərifət və peşə ərbabını sinəsində toplayan 40-dan artıq şöbəsi, minlərlə xəlifə, on minlərə çatan davamçı və sevənləri ilə geniş Osmanlı coğrafiyasına yayılan; Ticaniyyə qolu ilə Sudan Xartum, Tunis, Əlcəzair və Fasa; Gülşəniyyə və Dəmirtaşiyyə qolları ilə Misir, Həbəşistan və Yəmənə; Rövşəniyyə qolu ilə Azərbaycan, İran, Türkmənistan, Əfqanıstan və Hindistana digər saysız qol və şöbələri ilə bütün Anadolu və Balkan yarımadasına yayılan Xəlvətilik təriqətinin türk cəmiyyəti və türk insanı üzərində dərin izləri mövcuddur”.

“İşıq Şeyxi” – Şihabəddin Yəhya Sührəvərdi

1191-ci ilin qışında Hələb zindanında soyuqdan və aclıqdan ölməkdə olan filosof kimsənin yadına düşmürdü. Bir zamanlar bütün elm məclislərində heç kim onunla bəhsə girməz, heç bir mövzuda mübahisə edə bilməzdi. Artıq neçə vaxt idi ki, həmin filosof həbsxananın qaranlıq hücrəsinin divarlarından başqa heç nə görmürdü. Ən çox sevdiyi işıqdan məhrum edilmək filosofu daha da incidirdi. O artıq duyurdu ki, ölümdən qurtula bilməyəcək. 1183-cü ildə Hələbə gəldiyi gündən şəhər hakimi Məlik Zahir Əyyubinin xüsusi hörmətini qazandı. Həmin günlər indi zindanda soyuqdan büzüşən, aclıqdan heysizləşən bu dustağın – zamanının və məkanının “İşıq şeyxi” kimi tanınan böyük filosof Şihabəddin Yəhya Sührəvərdinin gözlərinin önündən çəkilmirdi. Həbsxanaya düşəndən bəri bir hadisənin ağrı-acısı onun yaddaşında qara tikana dönüb beynini dəlirdi: O gün Əyyubi filosoflardan ibarət məclis təşkil edir və orada fəlsəfi-dini mübahisələr başlayır. Sührəvərdi məclisdə özünün yüksək biliyi ilə hamını mat qoyur. Əyyubinin həmin məclisdən sonra ona olan hörməti daha da artır. Bəziləri bu qəribə alimin tezliklə vəzir olacağından çəkinib özlərinin çox yaxşı bildiyi bir işə – saray xəyanətinə əl atır. Hakim Əyyubinin atası Sultan Səlahəddinə məktubla bildirirlər ki, Hələbdə bir alim sənin oğlunu yoldan çıxarır, ona küfr elmləri öyrədir. Şihabəddin Yəhyanın da faciəsi həmin məktubdan sonra başlayır. Atasının iradəsinə qarşı çıxa bilməyən Zahir Əyyubi onu həbs etdirir. O gündən bu günə çətin şərtlər altında gün keçirən filosof indi məhbəsxana küncündə məhv ola-ola özünü günahlandırırdı.

Misir, Yəmən və Suriyanın hakimi olan Sultan Səlahəddin Əyyubi ömrünün son illərində, bəlkə də, ən böyük günahına əl atır – dövrün nəhəng filosoflarından birinin zindanda aclıqdan ölməsinə səbəb olur. Sührəvərdinin həyat və yaradıcılığını Azərbaycanda ilk dəfə geniş miqyasda araşdıran alim, professor Zakir Məmmədovun filosofa həsr etdiyi monoqrafiyasında orta əsr mənbələrindən birinə istinadən həbsin tarixi haqqında maraqlı faktlar deyilir:

“Yaqut Həməvi yazır: Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri ilə alimlərə qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər.

Məhbəsdə yeməyi kəsilən Şihabəddin Sührəvərdi tamamilə nəzarətsiz qalır. Günlərlə onu yoluxan olmur. Cəmi 37 yaşında əzab içində dünyasını dəyişən filosofun ölümü Şərq dünyasında ən əzablı alim qətli kimi tarixə düşür. Ona görə də əksər mənbələrdə Şihabəddin Yəhya Sührəvərdi “öldürülmüş filosof” kimi də tanınır. Baxmayaraq ki, orta əsrlər Şərqi üçün hər hansı azad fikirli alim və şairin ölümü az qala adi bir hal sayılırdı. Elm və irfan sahibləri, mütəfəkkirlərin edamı Şərqdə ənənəvi hal olsa da, yalnız qaranlıq məhbəsdə acından ölən Sührəvərdi “öldürülmüş filosof” adı ilə tanındı. 1191-ci ildə vəfat edən Sührəvərdi Hələbdə dəfn olundu.

Sührəvərdi həbs olunduğu zaman tələbələrinə öz vəsiyyətini yazıb çatdıra bilmişdi. Həmin vəsiyyətdə alimi bütün Şərqdə, bəlkə də, bütün dünyada tanıdan, onu orijinal düşüncə sahibi kimi elm aləminə təqdim edən işraqilik nəzəriyyəsinin nişanələri var. Bu nəzəriyyə barədə az sonra danışacağıq. Hələlik isə işraqiliyin şifrələri ilə zəngin olan və onları düzgün yaşama səsləyən vəsiyyətinə nəzər salaq. Bu vəsiyyətdə o, artıq öz ölümünü görürdü və onu ölən bir insanın son sözləri kimi yazmışdı:

“Qəfəsim dünya olan bir quş idim. Uçaraq oranı boş qoyuram. Gedəcəyim yerdə Allahı görəcəyəm və sizə oradan gizli xəbərlər söyləyəcəyəm. Siz də ruhlarınızı bədənlərinizdən ayırın. O zaman sizə görünəcək həqiqətlərin şahidi olacaqsınız. Bir gün can verən zaman heç nədən qorxmayın. Bunu azadlığın özü bilin. Bütün insanların ruhlarının mayası birdi. Onların hamısını eyni İşığın övladlarıdır. Odur ki, mən də özümü sizdə görürəm. Siz də özünüzü başqa insanlarda görün. Başqa insanlarını da özünüz bilin”.

İşraqilik – bütün uğurların və faciələrin səbəbkarı

Sührəvərdi haqqında sağlığında da, öləndən sonra da hər zaman heyrət doğuracaq əhvalatlar dildən-dilə dolaşıb. Rəvayətə görə, o, gəncliyində aid olduğu sufi təriqətinin dərvişləri ilə gizli bir guşəyə gedər, Xızır peyğəmbərlə görüşərmiş. Amma sonradan onu aşağılamaqdan, alimlik nüfuzunu təhqir etməkdən ötrü sehrlə məşğul olan cadugər kimi qələmə verdilər.

Sührəvərdi öz nitqlərində və yazılarında Allahın dərgahına yüksəldiyini, Nur əl-Ənvərdən işıq payı aldığını iddia edərək ehkamların xaricinə çıxmaq haqqına sahib olduğunu düşünürdü. Onun sufi-panteist nəzəriyyəsindən qidalanan işraqilik təliminin kökündə də bu məntiq dayanırdı. İşraqilik çox keçmir ki, bütün yaxın coğrafiyada məşhurluq qazanır. Sührəvərdinin gələcəkdə üzləşəcəyi bütün uğur və faciələrinin də əsas səbəbkarı elə bu təlim olur. Yazının əvvəlində bir neçə dəfə qeyd etdiyimiz aclıq cəzasına da işraqiliyin batini mənalarını anlamayan mollalar tərəfindən uğrayır.

İşraqilik qədim yunan, fars və təsəvvüf fəlsəfəsini özündə birləşdirən təlimdir. Yunan filosofu Plotinin daha çox önəm verdiyi emanasiya nəzəriyyəsi işraqiliyin özəyini təşkil edir. Bu təlimdə bütün bəşəriyyət, canlılar Vahiddən – küll halında olan İşıqdan ayrılan zərrələr şəklində təsəvvür edilir. Zərrələr mənbəyinə yaxın olduqca daha da parlaqlaşır, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa keçir.

İşraqi təlimində bütün zərrələr Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır. Hər insan öz içində o zərrəni daşıyır. Əslində, insan ruhu elə həmin zərrənin özüdür və o hər zaman Günəşə doğru can atır. Ona görə də, bu dünyada Günəşdən ayrı olduğu üçün özünü əsarətdə hiss edir. Zərrə öz Küllünə qovuşanda əbədi səadət qazanır.

İşraqiliyin bütün prinsipləri Sührəvərdinin “İşıq haqqında”, “İşraq hikməti” və “İşığa dair traktat” əsərlərində verilib. Onun fikrincə, bütün mövcudiyyət öz başlanğıcını vacib varlıqdan, yaxud da İşıqlar işığından alıb. Burada sufizmin “vəhdəti-vücud”, yunan fəlsəfi məktəbinin emanasiya, fars mədəniyyətinin isə zərdüştilik nəzəriyyələri birləşir. İşraqilik həm də bununla türk, fars, ərəb və yunan düşüncə tərzini birləşdirməklə, dünyanı eyni təfəkkür altına cəm etməyi düşünürdü.

“İşıq heykəlləri”, “Filosofların görüşləri”, “Eşqin həqiqəti, yaxud aşiqlərin munisi”, “İşıqnamə”, “Ürəklər bağı”, “İşraq fəlsəfəsi”, “Cəbrayıl qanadının sirri” kimi fəlsəfi məzmunlu əsərləri bu gün də tam olaraq araşdırılmayıb. Halbuki, Sührəvərdi bu əsərlərində fəlsəfə tarixində bir neçə ilkin əsasını qoyub. Məsələn, o, ilk dəfə olaraq, “İşraq fəlsəfəsi” kitabında İşıqlar işığının sayəsində Vahiddən qopan vücudların mücərrəd işıq olması haqqında müddəa irəli sürür. O, İşıqlar işığından mücərrəd işığın qopduğunu sübut edən müddəa üzərində geniş dayanır. Xalq dilində desək, onun işıq adlandırdığı insanlar maddi deyil, mücərəddir. Cisim olaraq maddi varlıq kimi bilinən insan özündə mücərrəd ruhu gəzdirir. Sührəvərdi təlimində hər insan həm də Günəş şüasına bənzədilir. Çünki Günəş şüaları ondan ayrılıb Yer səthinə doğru gəlsələr də, yenə də ona qayıdırlar.

Epiloq – gizli qutunun ağrıları

Azərbaycan kimi ərazisi o qədər də geniş olmayan bir yerdə kainatı qucaqlamaq gücündə, dünyanı eyni düşüncə altında birləşdirmək qabiliyyətində olan üç fəlsəfədən birinin – işraqiliyin banisi olan Sührəvərdi hələ də gizli qutu olaraq qalır (digər fəlsəfə isə xəlvətiyyə və hürufizmdir – E.N.). Bu gün Avropa şərqşünaslarının öyrənməyə can atdıqları Şərq filosofları içində Şihabəddin Sührəvərdinin də adı var. Onlar XX əsrdə inkişaf edən fizika elmində işraqiliyin elementlərini aşkarlayıblar. Məlum olub ki, Avropanın bəzi fizikləri özləri də bilmədən işraqiliyi təkrarlayan elmi-nəzəri müddəalar irəli sürüblər.

QEYD: Sührəvərdi haqqındakı yazının ərsəyə gəlməsində mərhum professor, Sührəvərdi və işraqilik nəzəriyyəsinin, eləcə də, orta əsrlər İslam Şərq fəlsəfəsinin yorulmaz araşdırmaçısı Zakir Məmmədovun tədqidatlarından istifadə edilmişdir.

Elmin Nuri
Təhsil tədqiqatçısı