İndoneziyanın Muna adasındakı bir mağarada tapılan insan əlinin konturu dünyanın ən qədim qaya sənəti nümunəsi hesab edilib. Tədqiqatçıların fikrincə, bu təsvirin 67 800 il əvvələ aiddir.
“Füyuzat”ın “Sciencealert” xəbər saytına istinadən məlumatına görə, qırmızı rəngdə hazırlanmış əl trafareti zamanla solmuşdur. Bu da onun mağara divarında çətinliklə görünməsinə səbəb olmuşdur. Buna baxmayaraq, o, Afrikadan başlayaraq dünyaya yayılan insan yaradıcılığının erkən nümunələrindən biridir. Tədqiqatçılar əlavə edirlər ki, bu rəsmləri yaradan insanlar Asiyadan İndoneziya adalarına səyahət etmiş və daha sonra Avstraliyaya yönəlmiş əhalinin üzvləri olmuşdur.
Əl trafareti Liang Metanduno adlı əhəngdaşı mağarasında aşkar edilib. Bu mağara Borneonun şərqində yerləşən Sulavesi adasının cənub-şərq yarımadasında yerləşir. Alimlər təsvir üzərində əmələ gəlmiş mineral təbəqələrdəki uran elementini analiz edərək, rəsmin minimum yaşını müəyyənləşdiriblər. Digər oxşar qaya rəsmləri kimi, əl trafareti də əl formasına piqment üfürməklə hazırlanıb.
Avstraliyadakı Griffith Universitetinin arxeoloqu və “Nature” jurnalında çərşənbə günü dərc olunmuş tədqiqatın rəhbəri Maxime Aubert bildirib ki, bu əl trafareti Sulavesidə tapılan digər nümunələrdən fərqlənir.
Qeyd edək ki, bu əl trafareti Sulavesinin cənub-qərbindəki Leanq Karampuanq mağarasındakı üç insanabənzər fiquru təsvir edən qaya rəsmlərindən də qədimdir. Həmçinin İspaniyadakı Maltravieso mağarasındakı təxminən 64 000 il əvvəl yaradılmış və Neandertallara aid əl trafaretindən də yaşca üstündür.
Əvvəlki araşdırmalar Sulavesidə azı 48 000 il əvvələ aid, heyvan xüsusiyyətlərinə malik insan fiqurlarının da mövcud olduğunu sənədləşdirib.
Süməyyə Samirqızı



