Əgər sizə dünyamızın rəngi yox olur desəm, reaksiyanız nə olardı?
Nə danışırsan? Heç elə şey olar? Dünyamız rəngarəngdi, torpağın, dəryaların, ağacların, güllərin-çiçəklərin, quşların, dağların, hətta havanın, səmanın rəngi var axı…
Haqlısınız, dünyada təbii olan hər şeyin özünəxas rəngi var. Biz insanlarsa dünyanın rənginə də müdaxilə edirik. Necə? Sanki yaxın keçmişə kimi hər şeyin, hər kəsin öz rəngi var idi. Son illərdə isə həyatımız monoxronlaşıb, dünyamız rəngini itirib, bozarıb. Əlbəttə, bu bozarma birdən-birə olmadı…
Daş-divarlar həyatımızın mərkəzinə çevrildi. Son 5-10 ildə təmir edilməyən kənd evlərimizə, milli xalçalarımıza baxın. Necə gözəldir, doğmadır. İsti və parlaq rənglər hakimdir bu evlərdə. Sanki evdə yaşayanların sevgisinin istiliyi əks olunur divarlarda. Soyuq rəng olmasına baxmayaraq, divarları mavi rəngə boyanan həmin evlərdə belə istilik, doğmalıq hiss olunur.
Bir də son illərdə tikilən binaların fasadlarına, evlərin interyer dizaynına nəzər salın. Günümüzün qonşuluq, qohumluq əlaqələri kimi soyuq rənglərin hakim olduğu fasadlar, divarlar, mebellər, əşyalar… Eyniləşən əşyalar, geyimlər, zövqlər, hətta davranışlar, simalar, mimikalar…
Bu sadalananlar sadəcə bizim ölkəmizə və ya coğrafiyamıza aid deyil. Dünyanın əksər yerlərində rənglər müəyyən ideologiyaların alətinə çevrildiyi üçün insanlar rənglərdən uzaqlaşıblar. Kimisi hansısa “izm” simvoludur deyə qırmızını çıxarıb həyatından, kimisi başqa bir “izm”ə görə sarını, yaşılı, mavini, çəhrayını… Qeyd edim ki, yazını yazmaqda məqsədim əsla kimisə və ya hansısa quruluşu tənqid etmək deyil.
20 il öncəki uşaqlar göyqurşağının bütün rənglərini sevirdilər, rəngbərəng, canlı, parlaq geyim və ya oyuncağa sahib idilər. İndi isə təbiətin bu gözəl hadisəsi də hansısa “izm”in qurbanı olub… Artıq valideynlər övladlarına “unikorn” və ya göyqurşağılı oyuncaq, dəftər, qələm almağa çəkinirlər.
Bu bəs deyilmiş kimi, rəngləri cinslərə də bölmüşük. Qız övladlarımız mavi, boz, tünd rənglərdən “uzaq durmalı”, oğullarımız çəhrayı, qırmızı, narıncı, açıq-yaşıl geyinməməlidir. Çünki “rənglərin cinsiyyəti” var. Bax belə başlayır rənglərimizin bir-bir yoxa çıxmağı.
Bir az böyüyürük. Ətrafımızda getdikcə daha çox boz, qara və ağ çalarları görürük. İstər şəhərlərimizin arxitekturası, istər geyindiyimiz paltarlar, istərsə də izlədiyimiz filmlər, hətta yaşantımızın ayrılmaz parçasına çevrilən telefonlar… Sanki hər şey tədricən öz rəngini itirir.
Bu rəngsizləşmənin səbəbi nədir? Böyük ehtimalla, 80–90-cı illərdə partlayan rənglərin hakim olmasındakı səbəblə eyni olan biznes siyasəti, böyük ticari güclərin marketinq hədəfləri.
Günümüzdə insanlara təkrənglilik təbliğ edilir. Evində fərqli rənglərdə əşyaları olan insanlar sırf yeni trend olan bu rəngsizləşməyə uyğunlaşmaq üçün monoxron məhsullar alır, hətta bazarlıq prosesi çılğınlıq həddinə çatır. Beləcə, kimlərinsə bazarı işləyir. Paraleldə isə dünya eyni tonlara boyanır.
Rəngsizləşən dünya sakinlərinin ruhları da öz rəngini itirir, insanlar psixoloji cəhətdən özlərini boşluqda hiss edir, ya da hissizləşir. Rəngin nə olduğunu undur, bəzənsə dünyanın bizə göstərilən rəngdə olduğunu düşünürük. Mexikonun sarımtıl, Londonun bozumtul, yurdumuzun da o tonlarda olduğunu düşündüyümüz kimi… Axı filmlərdə belə təbliğ edilib. Biz də onu qəbul edib inanmışıq.
Bu tutqun və rəngsiz dünyada ahəngi pozub öncə özünə, sonra ətrafına rəng qatanlar əvvəlcə qınaq obyektinə çevrilirlər. Çünki sürüdən ayrılıblar. Sonradan isə bu istisnalara həsəd aparmağa başlayırıq. Unuduruq ki, bizim də rəngimiz var, fəqət o rəngdən uzaq düşmüşük.