Bizlər suya möhtac olanlar kimi zəfərə susamış, haqq və ədalətin yerini tapmasını arzu edənlərik. Ürəyimiz zəfərlə, uğurla doludur və onunla döyünür. 30 il daxilimizdə yaşatdığımız nisgili səbrimizin sonu gələndə, 44 gündə qisasını alan vətən övladlarıyıq. Yaralarımızı sürətlə sağaldıb, qamətimizi dik tutub doğan üfüqlərdəki, aydın işıqları gözləyirik. Vətən haqqında olan hər bir xoş xəbər, hər bir uğur bizim içimizdəki məğrur hisslərin tərənnümüdür.
Amma unutmamalıyıq ki, bilmədən, bəlkə də, fərqində olmadan çəkdiyimiz, paylaşdığımız hər bir informasiya bizim düşmənlə üz-üzə olduğumuz yerdə əleyhimizə işləyə bilər. Hər hansı vətən övladının həyatı bahasına başa gələ bilər. Ona görə də hər kəsdən aşağıdakı məsələlərə xüsusi diqqət etmək tələb olunur:
- Hərbi maşın və avadanlıqlar, onların daşınması ilə bağlı hər hansı bir foto və video çəkiliş aparmayın və paylaşmayın. Çünkü çəkilən hər bir media faylda çəkiliş yerinin mövqeyi (location) kimi bir çox məlumatlar düşmənin əlinə keçə bilər.
- Hər hansı hərbi uçuş avadanlıqlarının foto və video çəkilişini aparmayın və paylaşmayın, bu, döyüşdə canını qoyan əsgərimizin planını poza bilər. Fərqində olmadan düşmənə yol göstərmiş ola bilərsiniz.
- Xidmətdə olanlarla müxtəlif yollarla əlaqə saxlamaqdansa, hisslərimizi çətin də olsa, cilovlayıb səbr etməliyik. Çünki telefonlar təhlükə mənbəyidir. Düşmən diqqətlə bizim səhvimizi gözləyə bilər. Danışıqlardan öyrəndiyi məlumatları əleyhimizə istifadə edə bilər.
- Sosial şəbəkələrdə yayılan dezinformasiyaya, təsdiqlənməmiş məlumatlara inanıb onları yaymaq olmaz. Düşmənin virtual aləmdə qurduğu tələlərə qarşı diqqətli olmaq lazımdır. Keçmiş illərdə çəkilmiş və ya başqa yerlərdə baş vermiş foto və video məlumatlarla Azərbaycan ictimaiyyətini aldadıb istiqamətləndirmək istəyə bilərlər. Ona görə də ancaq rəsmi mənbələrdən yayılan informasiyaları gözləmək və məlumatı rəsmi dövlət mənbələrindən eşitmədiyimiz müddətcə şübhə ilə yanaşmalıyıq.
- Döyüş mövqeyinə yaxın yaşayanlara isə daha çox məsuliyyət düşür. Hər hansı hərəkətlilik barədə informasiya verilməməlidir. Hərbi qulluqçuların hərəkəti və ya yaralı, şəhid və s. barədə məlumatları dövlət tərəfindən elan edilmədiyi halda, əsla, heç bir formada paylaşmamalıyıq.
- Qısaca, sadəcə hüquq-mühafizə orqanlarımızın və dövlət kanallarının verdiyi məlumatlara etibar etməliyik və onlara inanmalıyıq.
Unutmayaq ki, informasiya təhlükəsizliyimizi qorumaq daha az fəsadlarla qalib gəlməyimiz üçün önəmli addımdır. Cəbhə arxasından vacib xidmətdir. Gəlin birlikdə diqqətli olaq. Biz Birlikdə Güclüyük!
İnformasiya Texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev