Dünyada ən gözəl dil duyğunun dilidir. Bu elə bir dildir ki, onun lüğəti yox, qaydası yox, öyrədilən dərsliyi də yoxdur. O sadəcə insanın qəlbindən doğulur, gözlərdən süzülərək qarşı tərəfə axır. Çünki duyğu sözə sığmaz. Söz düşüncənin ifadəsidir, duyğu isə ruhun. Ruhun dediyini isə yalnız gözlər danışa bilər.
Bir anlıq təsəvvür edin: sevən iki insan qarşı-qarşıya oturub susur. Ətrafda səs-küy ola bilər, dünyanın hər küncündə qarma-qarışıqlıq baş verə bilər, amma onların gözlərinin içindəki baxış bütün aləmi susdurar. Çünki sevgi gözlərlə danışır. O baxışda minlərlə söz gizlənir: həsrət, ehtiyac, bağlılıq, inam, bəzən də sükutun özündə gizlənmiş min bir sızıltı.
Hətta ayrılıqlar belə sözlə deyil, gözlə başlayar. Bəzən bir kəlmə “get” demədən, sadəcə, gözlərdəki soyuqluq, baxışlardakı uzaqlıq insanı hər şeydən daha çox yaralayar. Çünki dil yalan danışa bilər, amma gözlər heç vaxt. Göz qəlbin güzgüsüdür. Orada insanın gizlətmək istədiyi bütün sirrlər, bütün yüklər, bütün sevinclər öz əksini tapır. Bir anlıq baxış insanın illərlə gizlədiyi duyğuları aşkara çıxara bilər. O baxışla insan sevilə, bağışlana, ya da əbədi olaraq itirilə bilər.
Duyğunun dili təkcə sevgidə deyil. Ananın övladına baxışında minlərlə dua gizlidir, dostun gözündə etibar, müəllimin baxışında qayğı, qocaların baxışında ömür boyu topladıqları hikmət. Bir uşağın saf baxışı isə bütün dünyanı işıqlandıra bilər. Ananın baxışındakı şəfqət övladı bütün təhlükələrdən qoruyan bir qala kimidir. Dostun baxışındakı etibar insanın həyat yolunu işıqlandırır. Müəllimin baxışındakı sevgi isə öyrənməyə, yüksəlməyə güc verir. Qocaların baxışında isə illərin təcrübəsi, taleyin acısı və şirinliyi birləşərək həyatın özü kimi dərin bir anlam yaradır.
Ən qəribəsi isə budur ki, duyğunun dili heç vaxt tərcüməyə ehtiyac duymur. Sözləri başqa dillərə çevirmək olar, amma gözlərin danışığını çevirmək mümkün deyil. Bir baxış dünyanın istənilən yerində, istənilən millətin insanına eyni şeyi izah edə bilər. Çünki duyğunun dili bəşəriyyətin ortaq dilidir. O dili anlamamaq mümkün deyil. İnsanlıq var olduqca bu dil də yaşayacaq. O dilin qarşısında sərhədlər, pasportlar, millətlər əhəmiyyətini itirir. Çünki bütün insanların qəlbi eyni dildə danışır: duyğunun dilində…
Bəlkə də, sözlərin gücü elə burda bitir. Onlar yalnız düşüncəni daşıyır. Amma duyğu dərinliyi ilə sözləri aşar, qəlbə toxunar, iz buraxar. Ona görə də ən gözəl danışıq, ən böyük nitq sükutla birlikdə baxışların söylədiyidir.



