9 oktyabr 2025-ci ildə macar yazıçı Laslo Krasnaxorkai Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Qeyd edək ki, İsveç Akademiyası yazıçını “apokaliptik dəhşətin ortasında sənətin gücünü bir daha təsdiqləyən inandırıcı və uzaqgörən yaradıcılığına görə” mükafatlandırıb.
Bəs Laslo Krasnaxorkai kimdir?
1954-cü ildə Macarıstanın Gyula şəhərində doğulan Krasnaxorkai ilk dəfə 1985-ci ildə nəşr olunan “Şeytan tanqosu” romanı ilə ədəbi camiənin diqqətini üzərinə toplayıb. Bu əsər kommunist dövrünün sonlarında tənəzzül edən kənd həyatını, ümidsizliyin və boşluğun hökm sürdüyü atmosferi təsvir edir.
Krasnaxorkai çağdaş Avropa ədəbiyyatının ən qeyri-adi və çətin müəlliflərindən biri kimi tanınır. Onun romanlarında bəşəriyyətin xaotik vəziyyəti, sosial çöküş, gözləmə, ümidsizlik və gözəllik kimi mövzular mərkəzi yer tutur.
O, 2008-ci ildə nəşr edilən “Seiobo orada, aşağıda” adlı romanında sənət, zaman və ilahi gözəllik anlayışlarını poetik şəkildə araşdırıb. Bu əsər onun fəlsəfi və mistik üslubunun zirvələrindən biri sayılır.
Krasnaxorkainin əsərləri bir çox dillərə tərcümə olunub və beynəlxalq ədəbiyyat mühitində yüksək qiymətləndirilib. Onun əsərləri ingilis dilinə Corc Szirtes və Ottilie Mulzet kimi tanınmış tərcüməçilər tərəfindən çevrilib. Bu tərcümələr ona 2015-ci ildə “Buker” mükafatını qazandırıb.
Yazıçının romanları rejissor Bela Tarr tərəfindən səhnələşdirilib. Xüsusilə “Şeytan tanqosu” (1994) və “Verkmeister harmoniyaları” (2000) filmləri dünya kinematoqrafiyasında kult statusu qazanıb. 2024-cü ildə isə “Müqavimətin melanxoliyası” əsəri əsasında hazırlanan opera Berlində səhnələşdirilib.
Krasnaxorkainin Nobel mükafatı qazanması yalnız onun şəxsi uğuru deyil, bu eyni zamanda Macarıstan və ümumilikdə Mərkəzi Avropa ədəbiyyatının dünya səhnəsində tanınması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, o, 2002-ci ildə bu mükafatı qazanan İmre Kerteszdən sonra Nobelə layiq görülən ikinci macar yazıçısı oldu.
Nobel Ədəbiyyat Mükafatı hər il İsveç Akademiyası tərəfindən təqdim olunur və “ədəbi sahədə ən görkəmli əsər” müəllifinə verilir. Mükafatın pul dəyəri bu il üçün 11 milyon İsveç kronudur.



