Xəbərlər

Ege Universitetinin dekanı: 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə ikili diplom proqramı həyata keçirməyi planlaşdırırıq

Türk dövlətləri dünyanın gələcəyini formalaşdıracaq dövlətlərdir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatında həmrəyliyimizi, dostluğumuzu səhiyyə və təhsil sahələrində də bir-birimizə dəstək olaraq nümayiş etdirməliyik.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ege Universiteti Sağlamlıq Elmləri fakültəsinin dekanı, professor Esin Çeber Turfan deyib.

Türkiyədə mamalıq ixtisası üzrə təhsil prosesindən söz açan E.Turfan türk dövlətlərinin hər birinin özünəməxsus proqramı olduğunu müşahidə etdiyini bildirib: “Siyasətdə, mədəniyyətdə olduğu kimi, mamalıq təhsilində də eyni dili inkişaf etdirsək, mamalıq təhsilində eyni proqramlara sahib olsaq, daha faydalı ola bilər. Nəticədə Qazaxıstandan məzun olan mama Azərbaycanda, Türkiyədə məzun olan mama da Qırğızıstanda işləyə, magistratura və doktorantura təhsili ala bilər. Buna nail olmaq üçün ilk növbədə kurikulumlarımızı inteqrasiya etmək, sonra isə akkreditasiya ilə davam etmək çox səmərəli olardı. Həqiqətən də bütün böyük və tarixi hadisələr kiçik addımlarla, kiçik niyyətlərlə başlayır. Bu çərçivədə ötən ilin noyabrında azərbaycanlı dostlarımız – 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndələri Türkiyəyə mamalıq proqramı ilə tanış olmağa gəlmişdilər. Məqsədimiz ikili diplom proqramını həyata keçirməkdir”.

“Hazırda Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramı icra olunur. Niyə səhiyyə sahəsində də bu mümkün olmasın? Təbii ki, bu, bilik və bacarıqların əldə edilməsinə də töhfə verəcək. Odur ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə ikili diplom proqramı həyata keçirməyi planlaşdırırıq”, – deyə o əlavə edib.