Fidan Vahid Füyuzat 144

Əhməd Yəsəvinin “Hikmət”lərindən öyüdlər

Bilgələrdən eşidib-öyrəndiklərimi, bilgilərimi qəlbinizə, ruhunuza əmanət edirəm:
Harada sınıq bir qəlb, yaralı bir könül görsən, işi-gücü burax, dərdinə məlhəm olmağa çalış. Məzlum bir kimsə yolda çarəsiz qalsa, ona yol ol, yoldaş ol. Yaradana yaxın olmaq üçün məncil insanlardan uzaqlaş, özün də mənəm-mənəmlik hökmündən arın ki, nəhayətdə kibirin hiylələrindən qurtulasan. Əgər arifsənsə, qəriblərin könlünü xoş et, el-el gəzib yetim yavruları axtar. Əlinin sığalını onların başından əskik etmə. Peyğəmbərimizin (s) sözlərini qulağına sırğa et: “Yetimlər mənim xas ümmətimdir”. Dünya işlərinə aludə olma, dünyapərəst nacinslərdən gen gəz. Onlardan üz çevir ki, özünü görə biləsən.

İnsanlarla danışarkən səsinə, sözünə, baxışına diqqət et. Qarşındakı sənin əqidənə uyğun olmasa belə, onu incidəcək heç bir davranış sərgiləmə. Zira o qəlbini qırdığın insanın vəkili uca Yaradandır. Və əl-Həlim olan Allah bəndələrinə də həlim təbiətli, təmkinli, salim olmağı buyurur.

Özün haqqında danışma vərdişini biryolluq tərk et, çünki ən böyük riyakarlıq insanın dili ilə qəlbi arasında olandır. Mömin libasını dilindən öncə könlünə, əməlinə geyindir. Təvazö zərafəti ilə yola çıxmadan əlindəki təsbeh, qıldığın namaz, tutduğun oruc yalandan və saxtakarlıqdan ibarətdir. Yalançı insandan Allah da, Rəsulu (s) da hər iki dünyada şikayətçidir. Adına ömür deyib qürrələndiyin həyat doğulduğun andan geri sayımı başlayan nəfəsdən ibarətdir. Peşman olub tövbə etmək, utanc içində ağlayıb-yalvarmaq üçün son nəfəsini gözləmə. Mənasız həva-həvəsi, kibiri zamanında tərk et ki, sən də həqiqi aşiqlərin sırasına yetişə biləsən. Öz nəfsini hər cür sıxıntılara alışdıran aşiqlərin yolu məşəqqətlərlə dolu olsa da, gerçək yoldur…

Davamı…