Azərbaycan dili bizim milli yaddaşımızın, kimliyimizin və dövlətçiliyimizin əsas dayaqlarından biridir. Dilin ünsiyyət vasitəsi olması onun ibtidai tərifi, başlanğıc izahıdır və təbii ki, bu, onun dərin mahiyyətini tam açmır. Dil – içində tariximizi, inanclarımızı, ədəbiyyatımızı, mədəni kodlarımızı daşıyan canlı bir varlıqdır. Dövlət başçımızın çıxışından da irəli gəldiyi kimi, dilin saflığı bütöv millətin məsuliyyətidir. Əgər dil pozularsa, tədricən düşüncənin və milli özünüdərkin də pozulması başlayır. Bu baxımdan, dilin saflığı milli təhlükəsizlik məsələsi kimi həssaslıq kəsb edir; gələcək nəsillərin öz kimliyini olduğu kimi yaşaması üçün onun strateji əhəmiyyəti vardır.
“Füyuzat”ın AZƏRTAC-a istinadən məlumatına görə, bu fikirləri beynəlxalq “Alaş” ədəbiyyat ödülü laureatı, publisist, şair Əkbər Qoşalı bildirib. Onun sözlərinə görə, xüsusilə publisistika, ədəbi-humanitar və ictimai mühit sahələri dili həm yaradan, həm də qoruyan sahələr hesab olunur: “Burada bizim əsas məsuliyyətimiz dilin təmiz, aydın, orijinal ritmini qorumaqla yanaşı, onun ifadə imkanlarını inkişaf etdirməkdir”.
Şair bildirib ki, dilin qarşısında duran çətinliklər əsasən üç istiqamətdə özünü göstərir. Birincisi, mətbuatın dilində yaranan qarışıqlıqdır – sosial media, sürətli informasiya axını və nitq mədəniyyətinə laqeyd münasibət bəzən dilin sintaksisini və söz seçimini pozur. İkincisi, yersiz alınma sözlərin artmasıdır. Dilimizdə dəqiq və işlək qarşılığı olduğu halda, çox vaxt dəb üçün yad sözlərə üstünlük verilməsi mətnlərin ruhunu zədələyir. Üçüncüsü isə redaktə və korrektə mədəniyyətinin zəifləməsidir. Sürət naminə keyfiyyət prinsiplərinin arxa plana keçirilməsi dili korlayır.
“Biz peşəkar fəaliyyətimizdə çalışırıq ki, həm yazılarımızda, həm redaktə etdiyimiz mətnlərdə, həm də çıxışlarda, məruzələrdə dilin öz qanunauyğunluqlarına, ahənginə, tarixi nəfəsinə sadiq qalaq. Bununla belə, yaradıcı insanlar yeni söz yaratmaq, sözlərə yeni anlamlar qazandırmaq, sözün yeni çalarlarını üzə çıxarmaq kimi mənəvi məsuliyyətə də sahibdir. Daha bir yönümüz ortaq türk keçmişindən gələn qavramlara yaxud öz unudulmuş sözlərimizə yeni nəfəs vermək, onları canlandırmaq, diriltməkdir”, – deyə Əkbər Qoşalı vurğulayıb.
Şairin sözlərinə görə, dilin saflığını qorumaq təkcə bir çağırış deyil, maarifçilikdən tutmuş dil mədəniyyətinin təbliğinə qədər çoxşaxəli yanaşma tələb edən bir prosesdir.
“Məktəblərdən başlayaraq media platformalarına qədər dil mədəniyyəti ayrıca məsuliyyət kimi dərk edilməlidir”, – deyə o bildirib.
Əkbər Qoşalı xüsusilə media qurumlarının rolunu önə çəkir: “Televiziya, radio və xəbər portalları cəmiyyət üçün düzgün, səliqə-sahmanlı dilin nümunəsi olmalıdır”.
O vurğulayır ki, yaradıcılıq mühitində də keyfiyyət standartları unudulmamalıdır: “Redaktor məktəblərinin yenidən dirçəldilməsi, dilçi mütəxəssislərlə sıx əməkdaşlıq vacibdir”.
Onun fikrincə, texnoloji mühitdə Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi də xüsusi önəm kəsb edir. Süni intellekt sistemlərində, axtarış platformalarında, elektron lüğətlərdə və tətbiqlərdə Azərbaycan dilinin keyfiyyətli və funksional şəkildə təmsil olunması dilin gələcəyi üçün kritik amildir.
Şair toplumun şəxsi məsuliyyətini də xatırladır: hər bir vətəndaş öz nitqinə diqqət yetirsə, ailə və təhsil mühitində dilə qayğı göstərilsə, bu, dilin qorunması üçün güclü bir “müdafiə xətti” yaradar. O bildirir ki, hərb sənətində müdafiə xəttinin birdən daha artıq olması necə təhlükəsizliyi artırırsa, “dil qalasının” da müxtəlif səviyyələrdə – fərdi, ictimai, media və texnoloji mühitdə qorunması o dilin öz daşıyıcılarını qorumasına xidmət edən ən dəyərli yanaşmadır.
“Azərbaycan dili böyük poeziya, fəlsəfə və zəngin dövlətçilik ənənəsi yaratmış qədim bir dildir. Onu qorumaq dilçilik işi olmaqla yanaşı, həm də milli şərəf məsələsi sayılmalıdır”, – deyə o əlavə edib.



