Aktual

Ekspert: “Geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir, Rusiya və Qərbi neytrallaşdırır”

Son günlər Qarabağ ətrafında həm lokal, həm də beynəlxalq müstəvidə qarşıdurmaların şahidi oluruq. Ermənistan tərəfi və separatçılar müxtəlif yalan və bəhanələr gətirərək dünyada yanlış fikirlər formalaşdırmağa, beləcə, dəstək almağa çalışırlar. “Humanitar böhran”dan tutmuş hərbi təxribatlara qədər müxtəlif bəhanələr gətirən ermənilər Azərbaycanın öz suverenliyini bərpa etmək məqsədlərinə çatmaması üçün yollar axtarmağa davam edirlər.

Belə olan halda, Azərbaycanın separatçılara qarşı atacağı addımlar, ümumiyyətlə bölgədə baş verənlər diqqət mərkəzində qalır.

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Tural Əliyevin fikirlərini öyrənib.

O vurğulayıb ki, hazırda Qarabağda yaşananlar gözlənilən idi:

“II Qarabağ Müharibəsi və Rusiya sülhməramlılarının bölgəyə yerləşməsindən sonra həm Qarabağdakı qondarma rejim, həm də Ermənistan hesab edirdi ki, onların dəhliz dediyi Laçın yolu maneəsiz olacaq, istədikləri vaxt həmin yolu istifadə edəcək, beləcə, ürəkləri istəyən kimi təxribatlar törətməyə davam edəcəklər. Ancaq Laçındakı sərhəd-buraxılış məntəqəsinin açılması və bir neçə dəfə anti-terror əməliyyatlarının keçirilməsi Azərbaycanın qarşı tərəfə verdiyi aydın mesajlar oldu. Bununla rəsmi Bakı heç bir güzəştə getməyəcəyini bildirdi. Bundan sonra ermənilər bölgədə “humanitar şoular” yaratmaqla məsələni qabartmağa çalışdılar. İddiaları ondan ibarət idi ki, guya bölgədə humanitar fəlakət, aclıq var, Azərbaycan onları blokadaya salır. İnanırdılar ki, beynəlxalq ictimaiyyət, Avropa təşkilatları, Avropa dövlətləri Azərbaycanı qınayacaq. Hətta BMT Təhlükəsizlik Şurasını çağırmaqla, həmçinin bir sıra Avropa dövlətlərindən dəstək almaqla Azərbaycana qarşı sanksiya qəbul ediləcəyini gözləyirdilər. Beləcə, Azərbaycanı hansısa güzəştlər etməyə məcbur edəcəkdilər. Ancaq bunların heç biri baş vermədi. Üzləşdikləri uğursuzluqlardan sonra qondarma rejim daxilində qarşıdurmalar başladı. Təkcə rejim daxilində deyil, orada yaşayan ermənilərin inamsızlığı və Rusiya sülhməramlılarından istədiklərini ala bilməmələri vəziyyəti indiki həddə gətirib çıxarıb. Azərbaycanın Ağdamdan təklif etdiyi alternativ yol var idi ki, bununla da Ağdam–Xankəndi yolu açılacaq. Məhz bu yol açılandan sonra bütün dünya görəcək ki, Qarabağ məsələsi həqiqətən də Azərbaycanın daxili problemidir və onu öz daxilində həll edir, tələbləri də bununla bağlıdır”.

Ekspert bölgədə hərbi əməliyyatların başlanması ehtimallarına da toxunub:

“Azərbaycan yumuşaq güc istifadə edir. Hələ ki II Qarabağ Müharibəsindən sonra bəzi istisnaları nəzərə almasaq, hərbi gücdən istifadə etmir. Müdafiə Nazirliyinin bəyanatlarında da yanlız qarşı tərəfin quraşdırmağa çalışdığı texniki qurğuların quraşdırılmasının qarşısının alındığı və onların məhv edildiyi barədə xəbərlərə rast gəlirik. Düşünmürəm ki, genişmiqyaslı əməliyyatlar başlasın. Sadəcə lokal xarakterli döyüşlərdən söhbət gedir. Rusiya özü də burada əməliyyatların başlamasından yana deyil. Genişmiqyaslı əməliyyatlar Rusiyanın da geosiyasi maraqlarına ziddir. Ona görə də Azərbaycan yumuşaq güc istifadə edərək qarşı tərəfi fakt qaşısında qoyur və Qarabağdakı erməniləri seçim etməyə tələsdirir, həmçinin qondarma rejimin çıxış yolları daralır. Beləcə, bir addım geri çəkilmədən Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatmağa doğru irəliləyir”.

Tural Əliyev bildirib ki, hazırda daha sərt tədbirlər lazım deyil:

“Qarşı tərəf gözləyir ki, sərt tədbirlərə keçilsin və dünyaya yenidən səs salsınlar. Azərbaycanın bu məqamda yeritdiyi siyasət doğru siyasətdir. Bəzi hallarda Rusiyanı, bəzi hallarda isə Qərbi neytrallaşdırır. Geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir. Bu üstünlüklərimizdən nə qədər yaxşı faydalansaq, Xankəndinə bayrağı bir o qədər tez asacağıq”.