Aktual

Ekspert: “İran və Pakistan arasında baş verən münaqişə əvvəlcədən hesablanıb”

Son günlərdə İran–Pakistan arasında uzun müddətdir davam edən münaqişə yenidən alovlanıb. İranın Pakistana 16 yanvar tarixində raket hücumu nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bu hadisə İran və Pakistan arasında diplomatik əlaqələr pozulmasına səbəb olub.

Daha sonra, 18 yanvar tarixində Pakistan İran sərhədləri daxilindəki silahlı qruplaşmalara qarşı aviazərbələr endirib. İran mediası indiyə qədər 9 nəfərin həlak olduğunu bildirib. Bəs münaqişənin alovlanmasının səbəbləri nədir? Bu münaqişə müharibəyə çevrilə bilərmi?

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Tural Əliyevin fikirlərini öyrənib. O bildirib ki, İranla Pakistan arasında son günlər yaşanan münaqişə əvvəlcədən hər iki tərəfin razılığı ilə olub.

“İran aviyasiyasının Pakistan ərazisində yerləşən bəluclara məxsus “Ceyş Əl-Ədl” terror təşkilatının mövqelərini bombalanması və Pakistanın da İran ərazisində yerləşən Sistan və Bəlucistan ərazisində fəaliyyət göstərən qrupların mövqelərini bombalaması, görünür ki, hər iki tərəfin əvvəlcədən razılığı ilə olub. Çünki iki dövlət böyük bir riskə gedib bir-birilərinin hava sahəsini, suverən ərazilərini pozub o cür addım atmazdılar”.

Ekspert Bəlucistan məsələsinin hər iki tərəf üçün problem olduğundan danışıb:

“Belə ümumi gərginlik yaranıb, amma “Böyük Bəlucistan” ideyası var. Bu ideya Pakistan, Əfqanıstan, İran ərazilərində formalaşıb və hər iki tərəf üçün, yəni Pakistan və İran üçün Bəlucistan məsələsi başağrısıdır. Bu baxımdan Pakistanın hətta son aviazərbələrindən sonra öldürülənlər, baxmayaraq ki, bunlar uşaqlar, mülki vətəndaşlar idi, onların heç biri İran vətəndaşı deyil. Onlar həm Pakistan, həm də İranın ərazisinə sığınanlardır”.

Ekspert münaqişənin müharibəyə çevrilmə ehtimalını belə dəyərləndirib:

“Böyük bir müharibə olacağını düşünmürəm. Sərhəddə müəyyən insidentlər, gərginlik yaşana bilər. Ancaq qeyd etdiyim kimi, Pakistan və İran tərəfləri bir daha açıq şəkildə genişmiqyaslı hərbi əməliyyatlara getməzlər”.