Aktual

Ekspert: “Koridor İrandan deyil, Ermənistandan keçəcək”

Zəngəzur dəhlizinin açılması təklifi NATO Parlament Assambleyasının gündəliyinə daxil edilib. Bundan öncə isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.

Son zamanlar dünyanın maraq dairəsində olan belə bir önəmli tranzit dəhliz ətrafında davam edən anlaşmazlıqlar bərabərində bir xeyli suallar doğurur.

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Tural Əliyevin fikirlərini öyrənib. O bildirib ki, beynəlxalq nəqliyyat dəhlizləri dünyanın inkişaf etmiş dövlətləri üçün aktual mövzudur:

“Çünki hazırda dünyada iqtisadi mənada toqquşan maraqlar dəhlizlər üstündə yaranan fikir ayrılıqlarıdır. Rusiya–Ukrayna müharibəsindən sonra Rusiya ərazisindən keçən bir sıra nəqliyyat və enerji xətləri var idi ki, sanksiyalardan sonra Qərb mərkəzləri Şərqdən Qərbə, yaxud da əksinə olmaqla daha əlverişli dəhlizlər düşünməyə başladılar. Bu istiqamətdə bir sıra beynəlxalq görüşlərdə, xüsusilə də G20 zirvə görüşlərində ciddi müzakirələr aparılıb. Azərbaycanın da İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə ilə ortaq bir layihəsi vardı. Bu layihə nəinki Qərbdən Şərqə, Şərqdən Qərbə tranzit yol formalaşdırırdı, eyni zamanda Türkiyəni Mərkəzi Asiya ilə bağlayan bir yoldur. Ancaq müharibədən üç il keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərə riayət etmir, bu layihənin icrasını gecikdirir. Beləcə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru yolu, yəni avtomobil və qatar yollarının çəkilməsi ilə bağlı məsələləri siyasiləşdirir. Ermənistanın arxasında duran müəyyən qüvvələr, əsasən də, Qərb dairələri çalışır ki, Zəngəzur koridoru açılacağı halda Azərbaycan, Türkiyə və Rusiyanın nəzarətində olmasın, onlar da müəyyən pay sahibi olsun. Əks təqdirdə dəhliz ümumiyyətlə açılmasın. Belə olan halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur koridorunun açılması ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyana çağırış etdi ki, hansısa məsələlərdə razılıq verilmirsə, o halda yol İrandan açılsın. Amma bu mesaj Ermənistana yox, Qərbə verilən mesaj idi. Bu mesajın konturları ondan ibarətdir ki, Qərblə İran arasında ziddiyyətlərin davam etdiyi bir məqamda belə əhəmiyyətli bir tranzit xəttin İrandan açılması Qərbin maraqlarını zərbə altına alacaqdı. Bu baxımdan Zəngəzur koridoru ilə bağlı NATO-dakı müzakirə zamanı Türkiyə çalışacaq ki, Zəngəzur koridorunun istər alyans, istərsə də Qərb maraqlarına zərbə vuracaq layihə olmadığına alyansı razı salsın. Ona görə də düşünürəm ki, Zəngəzur koridorunun açılması ilə bağlı Türkiyə Qərbi razı sala biləcək”.

Ekspert əminliklə bildirib ki, Zəngəzur dəhlizi açılacaq: “Dəhliz gec-tez açılacaq və koridor İrandan deyil, Ermənistandan keçəcək. Çox istərdik ki, Ermənistan sülh yolu ilə buna razı olsun. Bu halda koridorun açılması Ermənistanın özünün də maraqlarına uyğun olacaq. Əks halda Ermənistana böyük təzyiqlər başlayacaq və bu təzyiqlər nəticəsində Ermənistan geri çəkilməyə məcbur olacaq və dəhliz açılacaq”.