Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi İsrailin hava hücumu nəticəsində Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində həlak olub.
“Füyuzat”ın məluatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri davam edən İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat mənsublarının sayı 220-yə çatıb.
Telekanal Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya istinadən bildirib ki, Hicazi həftə sonu İsrailin mühasirədə olan ərazilərə hücumları nəticəsində həlak olan 90-a yaxın fələstinli arasındadır.
Fələstin Jurnalistlər Birliyi yanvarın 5-də bildirib ki, İsrail ordusu ötən ay ərzində fələstinli jurnalistlərə qarşı 84 qanun pozuntusu və cinayət törədib. Bu hadisələrin əksəriyyəti Qəzza zolağında baş verib və orada on media işçisi həlak olub. Təşkilat qeyd edib ki, İsrail tərəfi jurnalistlərə qarşı müxtəlif zorakılıq və təzyiqlər, o cümlədən hədə-qorxu, silahla birbaşa hədələr, maliyyə cərimələri və hərəkət məhdudiyyətləri tətbiq etməkdə davam edir.