İspaniyanın cənubunda, Qranada şəhərində yerləşən, İslam mədəniyyətinin ən möhtəşəm nümunələrindən biri sayılan Əlhambra sarayı.
Əlhambra həm saray kompleksi, həm də müdafiə qalası funksiyasını daşımışdır. Adı ərəb dilindən tərcümədə “qırmızı qala” mənasını verir ki, bu da onun inşasında istifadə olunan qırmızımtıl rəngli gildən irəli gəlir.
Əlhambra ilk dəfə IX əsrdə qala şəklində tikilmişdir. Saray şəklində tikintisinə isə 1232-ci ildə Qranada əmiri Məhəmməd bin Nəsrin dövründə başlanılmışdır. Sarayın daxili tərtibatı Məhəmməd bin Ahmerdən sonra hakimiyyətə gəlmiş Əbu Abdullah Məhəmməd, Əbu Həccac Yusif və V Məhəmməd tərəfindən işlənilmişdir. Bu dövrlərdə Əlhambra sarayına əlavələr edilmiş, tikilinin daxili və xarici genişləndirilmişdir.
Əlhambra sarayının daxili tərtibatı mürəkkəb formada tikilmişdir. Sarayın içərisində yerləşən çox sayda otaqların müxtəlif girişləri vardır. Sarayda onlarla hovuz, ziyafət zalı, bağçalar, fantanlar mövcuddur. Burada keçidlərlə bir-birinə bağlanan üç hissə yerləşir. Hər hissənin bağçası və fəvvarələri olan həyəti var. Saray hündür dağda tikilmişdir. Yerləşdiyi coğrafi məkan onu daim düşmən hücumlarından qorumuşdur.
Əlhambra sarayının əsas hissəsi Nasrid Saraylarıdır. Bura gözəl və incə ornamentlərlə bəzədilmişdir. Divarlar ərəb yazıları, həndəsi naxışlar və şəbəkələrlə işlənib. Araşdırmalara əsasən, sarayın divarlarında təxminən 9000-dən çox ərəb yazısının olduğu müəyyən edilmişdir.
Əlhambra İslam memarlığının ən incə nümunələrini özündə əks etdirir: mozaiklər, kalliqrafik yazılar (əsasən, Qurandan ayələr və şeir parçaları), arabesk motivlər və s. Bu sarayın tikilməsində mərmər, şəbəkəli daş, gips, taxta və keramika əsas materiallar kimi istifadə olunub.
XVIII–XIX əsrlərdə Əlhambra sarayı yararsız vəziyyətə düşdü. 1808–1812-ci illərdə Napoleonun əsgərləri Əlhambrada məskunlaşaraq sarayı tövlə və kazarmaya çevirdilər.
Lakin baş verənlərə baxmayaraq, XIX əsrin sonlarında bərpa işləri başlamış və saray XX əsrdə ziyarətçilərə açıq elan olunmuşdur. Bu gün isə milyonlarla turist bu möhtəşəm saray kompleksini ziyarət edir.
Qeyd edək ki, saray 1984-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Ləman Vahid