MİMTA Yayımları tərəfindən “Füyuzat” kitab” seriyası ilə çap olunan “Nicat məhəbbətdədir” toplusu Azərbaycanın dəyərli oğlu Əli bəy Hüseynzadənin mənəvi mirasından ərsəyə gətirilən töhfədir. O miras ki içində öz kimliyini tanıma, insani keyfiyyətləri ortaya çıxaran meyarların açarları, mənəvi feyzləri əldə etməyin yolu, tərbiyə amalı ilə vəzifələndirilən qələmin sehri, bir zamanlar millətimizin həsrət qaldığı “hürriyyət” anlayışı və onun əldə edilmə yolları göstərilir.
Biz isə sizə Əli bəy Hüseynzadənin bəhs olunan kitabından dəyərli fikirlərini təqdim edirik:
1. “Füyuzat” lüğətdə “feyz” sözünün cəminin cəmi olub rifah, bolluq, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqi və kamilliyin təcəlli etməsinə sübutdursa da, lakin əsl məfhumu səadət və xüsusilə də mənəvi səadətdir. Həqiqi zövq və səfalardan ibarət mənəvi bir səadət…
2. Bir fərddə, bir camaatda, bir millətdə, bütün bəşəriyyətdə füyuzat şövqü yoxdursa, o fərd, o camaat, o millət – ümumiyyətlə, bütün bəşəriyyət ölü sayılmalıdır.
3. Hürriyyət!.. O necə qüvvədir ki, yalnız adının çəkilməsi belə könlün fərəhinə, qəlbin səfasına səbəb olur. Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyətə sövq edir!.. Yalnız adını eşidən insanlar uçmaq, yüksəkliklərdə pərvaz etmək istəyirlər!..
4. Məhəbbət nədir? Məhəbbət insanların haqq yolunda biri-birini və hər birinin də cəmiyyəti sevməsidir.
5. Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqatlı, firəng fikirli, Avropa qiyafəli fədai!..
6. Deyirlər ki, dağ dağa qovuşmaz isə, insan insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur: bu gün Ərciyəs dağı Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!..
7. Tarixin bəzi təbii cərəyanları olur ki, onları heç bir qüvvət durduramaz, fərd nə qədər alim olursa-olsun, şaşırar, yanılar, yanlış yollara sapa bilər. Fəqət tarix əsla şaşırmaz və olacaq öz təbiətiylə olur!.. Anadolu türkünün Azərbaycan türkünə qovuşması da məhz bu qəbil hadisatdandır…
8. Zehin və ağıl məntiq gücü ilə aydınlanır, coşur. Birinci yolu tutan və zəka ilə hasil olan kəlamların məcmusuna elm, ikinci yol ilə gedən və zəkadan da artıq ilham ilə meydana gələn sözlərə şeir və ədəbiyyat deyilir…
9. Tolstoy böyükdür, çünki xüsusi şəxslərin deyil, bütün avam camaatın fikrini işıqlandırmağa, əxlaqını təmizləməyə çalışır. Tolstoy böyükdür, çünki hərbin ortadan götürülüb bütün cahanın millətləri arasında əbədi sülhün bərqərar olmasına qeyrət edir. Tolstoy böyükdür, çünki məzhəblər arasında vəhdət, məhəbbət və dostluq yolunu axtarır. Vəhdət və dostluğu ayrı-ayrı hər bir məzhəbin qazandığı savabların hamısından üstün bilir.
10. Ey mənim qələmim… Sən dünya görmüş, qəhrəmanlar yola salmış, filosoflar əlində işləmiş, nurdan yaradılmış müqəddəs bir vücudsan. Sənin hafizə qüvvən çoxdur. Avropalılar sənin nə olduğunu bilmədikləri vaxt səni onlara biz tanıtdıq.
11. Tariximiz və millətimizin böyükləri haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl özümüzü tanımalıyıq. Yəni türklərin kim olduqlarını və kimlərdən ibarət olduqlarını, harada meydana gəldiklərini, neçə şöbəyə ayrıldıqlarını, bu gün harada sakin olduqlarını və hansı adlar altında yaşadıqlarını göstərməliyik.
12. Bir işıq yüksəldikcə, yuxarılara çıxdıqca o nisbətdə uzaqları işıqlandırar. Odur ki bütün aləmə işıq və hərarət verən Günəş ən uca, ən hündür nöqtədədir.
13. Yaşa, hürriyyət, yaşa! Buraxın məni, səsim yetdiyi qədər hayqırım: “Yaşa hürriyyət, yaşa!”
14. Mən istərdim ki, elə bir sehr və ya əfsun olsun ki, onun qüvvəsi ilə bütün millətimizi birdən-birə bütün vicdani feyzlərə çatdırmaq mümkün olsun.
15. Ədalət olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və sevgi də olur…

Hazırladı: Süməyyə Samirqızı



