Xəbərlər

Elnur Soltanov: “2050-ci ilədək sıfır xalis emissiya üçün Azərbaycana 200 milyard dollar sərmayə tələb olunur”

2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq üçün Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır.

“Füyuzat”ın məlumatına görə, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

“Qərarlar daha qətiyyətli olmalı və arxasında böyük investisiyalar dayanmalıdır. Bəzi rəqəmlər doğrudan da təəccüblüdür. Məsələn, xalis sıfır yanaşması qaçılmazdır – başqa yolumuz yoxdur, əks təqdirdə dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq”, – deyə o vurğulayıb.