“Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o çox zalım və çox cahildir” (“əl-Əhzab” 72).
Çox vaxt “əmanət” deyəndə ağlımıza yalnız kiminsə qorumaq üçün bizə verdiyi bir əşya gəlir. Bəs görəsən, bizə başqa nələr əmanətdir? Və ən əsası, hər kəsə əmanət etmək olarmı?
İçimizdə yaşatdığımız ruh və cisim bizə Allah-Təalanın əmanətidir. Bu əmanətlərə sahib çıxmaq, hər şeydən ‒ bilərəkdən və ya bilməyərəkdən dəyə biləcək bütün zərərlərdən qorumaq isə bizim həm vicdani borcumuz, həm də əzəli vəzifəmizdir. Əmanətə sahib çıxmaq, əslində, özümüzə sahib çıxmaqdır.
Mərhəmət və rəhm etmək hissi də bizə əmanət – imanla gələn bir nurdur. Lakin bu nur hər kəsə verilmir. Çünki əmanət yalnız etibarlı olanlara, onun dəyərini bilənlərə həvalə edilir.
İnsanlıq əmanətdir. Əmanətə xəyanət insanlığa xəyanətdir. Hərçənd ki müasir dövrümüzdə bu əmanət, demək olar ki, qorunmur, “insanlıq” sözü yadlaşır, unudulur…
İnsanlıqdan doğan ən saf, munis duyğulardan biri də sevgidir. Çoxumuz onun dəyərini anlamır, sevdiklərimizin qəlbini qırır, onlara dəyər verməyi unuduruq. Sırf biz gülü sevirik deyə onu düşünmədən gövdəsindən qırır, incidirik, adını da qoyuruq ki, biz gül sevirik. Bu sevgidirmi?
Körpələr, dilsiz-ağızsız uşaqlar, yaşlılar, bitkilər, heyvanlar – hamısı bizə əmanətdir. Onların dayağı göydə Uca Yaradan, yerdə bizlərik. Biz onların səsiyik, köməyiyik… Özümüzdən acizlərə münasibətimiz bizim kimliyimizin göstəricisidir.
Yurdumuz, onun hər qarışı, hər daşı da bizə əmanətdir. O əmanət ki, onları qorumaq bizim məsuliyyətimizdədir. Nə qədər Vətənimiz var, o qədər azadıq, hürrük, söz sahibiyik!
Əmanətləri təhvil verməmişdən əvvəl onları qorumağı bacaraq. Bacaraq ki, zamanı gəldikdə həm Rəbbimizə, həm insanlığa, həm də öz vicdanımıza qarşı üzümüz ağ olsun. Əmanətə sahib çıxanlardan, etibar edilənlərdən olaq!



