“Beynəlxalq ictimaiyyət, xüsusilə də İslam dünyası ölkələri Qəzza zolağında atəşkəsin təmin edilməsi üçün səyləri gücləndirməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla görüşündə deyib.
“Görüşdə İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlar və atəşkəsə nail olmaq üçün atılması lazım olan addımlar müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Fələstinin haqq işini dəstəkləməyə davam edəcəyini və İsraili dayandırmaq üçün çalışacağını bildirib. O vurğulayıb ki, bütün ölkələr, xüsusilə də İslam dövlətləri Qəzzada dərhal atəşkəs və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılması üçün səyləri gücləndirməlidirlər”, – Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Departamenti görüşün yekunlarına dair açıqlamasında bildirib.
Fələstin lideri avqustun 14-ü axşam iki günlük səfər üçün Moskvadan Ankaraya gəlib. Cümə axşamı o, Fələstinə dəstək üçün növbədənkənar iclasa toplanan Türkiyə parlamentində çıxış edəcək.