Xəbərlər

Ərdoğan Livanı dəstəkləməyə çağırıb

Ərdoğan Yaxın Şərq ölkələrini İsraillə gərginlik şəraitində Livanı dəstəkləməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, Türkiyə Prezidenti münaqişənin yayılmasının fəlakətli nəticələrə səbəb olacağını bildirib.

“Netanyahunun münaqişəni regionumuza yaymaq planları, Qərbin dəstəklədiyi ideya böyük fəlakət olacaq. İslam dünyası və Yaxın Şərqdəki qardaşlar bu qanlı planların qarşısını almalı və bir addım öndə olmalıdırlar. Bununla belə, İslam dünyasının alova büründüyünü təəssüflə izləyirik, buna imkan verə bilmərik. Region ölkələri Livanla həmrəylik nümayiş etdirməlidir”, – deyə Ərdoğan bildirib.

“Görünür, artıq Qəzza zolağını dağıdan İsrail indi Livanı hədəfə alır. Qərb güclərinin bu məsələdə onu dəstəklədiyini görə bilirik. Azadlığı, insan haqlarını və ədaləti müdafiə edən ölkələrin bu davranışını görmək çox məyusedicidir, çox çətindir”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, iyunun ortalarında İsrail Müdafiə Qüvvələri (IDF) Livanda hücum əməliyyatları planlarını təsdiqləyib.