Xəbərlər

Ərdoğan: NATO Ukrayna münaqişəsinin tərəfi olmamalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun ABŞ-da keçirilən sammitində iştirakı zamanı terrorla mübarizə, Qəzza və Ukrayna məsələlərini, xüsusilə alyansın münaqişə tərəfinə çevrilməməsi məsələsini gündəmə gətirmək niyyətində olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə lideri ABŞ-a yola düşməzdən əvvəl bildirib.

“Biz bu sammitdən milli təhlükəsizlik maraqlarımızı nəzərə alan və alyans daxilində həmrəyliyi gücləndirən nəticə gözləyirik. Vaşinqtonda görüşlərimiz zamanı dünyada artan terror təhlükəsinə diqqət çəkəcəyik və terrorizmin güclənməməsinin vacibliyini vurğulayacağıq. Biz NATO-nun Ukraynadakı müharibənin iştirakçısı olmasını qəbuledilməz hesab edirik”, – deyə Ərdoğan qeyd edib.

O əlavə edib ki, Ukraynada hər gün silahdan istifadə edilməsi Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin doğruluğunu təsdiqləyir.