Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Ər-Riyadda keçirilən Yaxın Şərqdəki vəziyyətlə bağlı təşkilatların fövqəladə sammitinin yekun bəyanatını qəbul ediblər.
“Füyuzat”ın məlumatına görə, görüş iştirakçıları Qəzza zolağında və Livandakı münaqişələrlə bağlı ortaq mövqe hazırlayıblar.
Ölkələr Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə regionda nizamlanmaya dair danışıqların uğursuzluğuna görə İsrailin məsuliyyət daşıdığını bildiriblər.
“Biz Qəzza zolağında dərhal və daimi atəşkəsə nail olmaq, girov və məhbusların azad edilməsi üçün Misir və Qətərin Birləşmiş Ştatlar ilə əməkdaşlıqda göstərdiyi böyük və mühüm səylərə dəstəyimizi bir daha təsdiqləyirik və bu səylərin uğursuzluğuna görə İsraili məsul hesab edirik”, – İƏT-in saytında dərc olunan sənəddə deyilir.
Yekun sənəddə əksini tapmış Ərəb Liqası və İƏT-yə üzv ölkələrin əsas mövqeləri bunlardır:
- Tərəflər İsrailin BMT-nin Livandakı müvəqqəti qüvvələrinə “qəsdən hücumlarını” pisləyir;
- İsrailin Suriya ərazisinə endirdiyi zərbələr pislənib;
- Beynəlxalq Cinayət Məhkəməsini Fələstin xalqına qarşı cinayətlərə görə İsrailin mülki və hərbi rəsmilərinin həbsinə order verməyə çağırırıq;
- Tərəflər beynəlxalq ictimaiyyəti İsraili Qəzza zolağından qoşunlarını çıxarmağa məcbur etməyə çağırır;
- Bütün dünya dövlətlərini İsrailə silah və sursat tədarükünü qadağan etməyə çağırırıq;
- İsrailin BMT Baş Assambleyasında və digər qurumlarda iştirakını dondurmaq niyyətindəyik;
- Tərəflər BMT Təhlükəsizlik Şurasından İordan çayının qərb sahilindəki hərəkətlərinə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb edir.