Xəbərlər

Ermənistan parlamentində dava düşüb

Ermənistan parlamentində Təhlükəsizlik Xidmətinin əməkdaşları, deputatlar və onların köməkçilərinin iştirakı ilə əlbəyaxa dava olub.

“Füyuzat”ın məlumatına görə, parlamentin vitse-spikeri Ruben Rubinyan iclasda fasilə elan edib.

Müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputat Kristin Vardanyan canlı efirdə bildirib ki, parlamentdə dava “Ermənistan” fraksiyasından olan deputat Artur Sarkisyanın çıxışından sonra iclas zalını tərk etmək qərarına gəldikdən sonra “Mülki müqavilə”dən olan deputat Vahe Qalumyanın hücumuna məruz qalması ilə başlayıb.

“Artur Sarkisyan çıxışından sonra bu gün deputat toxunulmazlığından məhrum ediləcəyi üçün iclas zalını tərk edərək bir neçə saat ailəsi ilə vaxt keçirmək qərarına gəlib. Lakin Vahe Qalumyan onun arxasınca qaçaraq arxadan ona hücum edib”, – Vardanyan bildirib.

O əlavə edib ki, hücumda hakim partiyanın deputatlarının köməkçiləri də iştirak edib.

“Biz iclas zalına girməkdə çətinlik çəkdiyimiz zaman hakim partiyadan olan deputatların köməkçiləri və naməlum şəxslər bizim deputatlara hücum etmək üçün zala daxil olublar”, – Vardanyan vurğulayıb.

İyulun 8-də Ermənistan parlamenti “Ermənistan” fraksiyasından olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət işinin başlanması üçün onun toxunulmazlığından məhrum edilməsi məsələsinin müzakirəsini davam etdirib. O, əvvəllər “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla 16 müxalifətçinin həbs olunduğu cinayət işində “hakimiyyəti ələ keçirməyə cəhd” işi üzrə müttəhimlərdən biridir.