“Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlığa qaldırmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə ünvanladığı məktubda bildirib.
“Mən məmnuniyyətlə bildirirəm ki, demokratik islahatlar, iqtisadi və enerji dözümlülüyü, ədalət, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistanla ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması konsepsiyasında öz əksini tapır”, – deyə Paşinyan qeyd edib.
Paşinyana görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar edilməsi prosesində ABŞ-ın roluna önəm verir və 1991-ci il Almatı bəyannaməsinə uyğun olaraq Ermənistan Respublikasının sərhədlərinin suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və toxunulmazlığına ABŞ-ın dəstəyini dərindən qiymətləndirir.
“Bu fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləmək və bu mühüm dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımızın iki ölkə və region üçün sülh və daha firavan gələcəyin yaradılmasına töhfə verəcəyinə əminliyimi ifadə etmək istərdim”, – deyə Ermənistanın Baş naziri əlavə edib.