Aktual

“Ermənistan kənar oyunçuların deyil, öz maraqlarından çıxış edəcəksə, sülh sazişi bağlanacaq”

Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Yerevan və Bakı münasibətləri tənzimləmək, eləcə də suverenlik, ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiqləyirlər. Azərbaycan xoşməramlılıq əlaməti olaraq 32 erməni, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib.

Eyni zamanda digər etimad tədbirlərinin elan edilməsi haqqında da razılıq əldə edilib. İki ölkə arasında müsbət razılaşmaların baş tutması sülh müqaviləsinin imzalanması və regionda münaqişənin bitməsi istiqamətində də yeni ümidlər doğurub. Bəs bu razılaşma sülh müqaviləsinin imzalanması prosesində nə kimi üstünlüklər vəd edir?

“Füyuzat” mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində əsirlərin qarşılıqlı olaraq azadlığa buraxılması və eləcə də digər etimad tədbirlərinin elan edilməsi mühüm siyasi addımdır:

“Ermənistanın BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi etmək məsələsində öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi də tərəflər arasında xoş niyyətin təzahürü kimi qəbul oluna bilər. Xüsusilə də indiki mərhələdə, yəni tərəflərin sülh müqaviləsi imzalaması, sərhədlərin delimitasiyası və iki ölkənin münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda bu addım sözsüz ki, etimadın möhkəmləndirilməsinə təsir göstərəcək. Onu da vurğulamaq lazımdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu şəkildə qərarların qəbulu bir daha Azərbaycan tərəfinin vasitəçisiz danışıqlar formulunun əhəmiyyətini sübut edir. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər və xarici təsirlər olmadan tərəflərin daha tez şəkildə ortaq məxrəcə gəlmə ehtimalı daha böyükdür”.

Politoloq mövcud müsbət addımlar fonunda sülh müqaviləsinin imzalanması ehtimallarını da dəyərləndirib:

“Əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi həm də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Bu razılaşmada ən önəmli məqamlardan biri də Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin razılşmadan kənarda tutulması ilə bağlıdır.

Sözsüz ki, əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ümidlərini artırır. Məlumdur ki, Azərbaycanın beş baza prinsipi əsasında təklif etdiyi sülh sazişinə Ermənistan tərəfi də artıq öz təkliflərini təqdim edib. Odur ki, indi əsas məsələ Ermənistanın, nəhayət ki, sözün əsl mənasında kənar təsirlərlə deyil, müstəqil qərar qəbul etməsinə bağlıdır. Əgər Ermənsitan bunu bacaracaqsa, kənar oyunçuların maraqlarından deyil, Ermənistanın maraqlarından çıxış edəcəksə, o zaman sülh Sazişinin bağlanmasında da hər hansı problem olmayacaq”.