Xəbərlər

Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

Ermənistan parlamentinin üzvləri ikinci və yekun oxunuşda respublikanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazır.

“Qanun layihəsinin qəbulunun lehinə 64 deputat, əleyhinə 7 deputat səs verib, qərar qəbul edilib”, – parlamentin spikeri Alen Simonyan bildirib.
Ən böyük müxalifət fraksiyası olan Ermənistan (Hayastan) səsvermədə iştirak etməyib.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib, sonra parlamentə göndərilib. Fevral ayında sənəd birinci oxunuşda təsdiqlənib. Respublikanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, bu sənəd İrəvanın Avropa İttifaqına qoşulması prosesini avtomatik başlatmayacaq, çünki məsələ referendum tələb edir. Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan qanun layihəsinin lazımi sayda imza toplayan ictimai təşəbbüs olduğunu bildirib.