Xəbərlər

Ermənistan TŞ: İqtisadiyyat və təhlükəsizlik sahəsində diversifikasiya edilməlidir

“Ermənistan dözümlülüyünü artırmaq üçün çalışır və iqtisadi və təhlükəsizlik sferalarında diversifikasiyaya böyük əhəmiyyət verir”.

“Füyuzat”ın məlumatına görə, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistanın Təhlükəsizlik Şurası Hərtərəfli Təhlükəsizlik və Müdafiə Sistemi konsepsiyasını təsdiq edib. İndi isə fəaliyyət planı üzərində iş aparılır. Son illər respublikada dözümlülüyün artırılması istiqamətində işlər həyata keçirilib və bu kontekstdə biz iqtisadiyyatda və təhlükəsizlik sahəsində diversifikasiyaya böyük əhəmiyyət veririk. Əminik ki, demokratiya Ermənistanın dözümlülüyünü artırır. İslahatlar və iqtisadi nəticələr istər silahların alınması, istərsə də yeni texnologiyaların əldə edilməsi ilə əlaqədar resursların artırılması və təhlükəsizliyə sərmayə qoyulmasının mümkünlüyünə gətirib çıxarır”, – Qriqoryan deyib.

Onun fikrincə, Avropa İttifaqı üzvü olan ölkələrlə əməkdaşlıq da ölkənin dözümlülüyünü artırır. Qriqoryan vurğulayıb ki, Ermənistan hakimiyyəti islahatları dəstəkləyəcək və iqtisadi əməkdaşlığı gücləndirəcək tərəfdaşların sayını artıracaq.