Xəbərlər

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilə bilər

Yanvar ayı ərzində İrəvan Rusiya telekanallarının Ermənistanda yayımını tənzimləmək üçün Moskvaya yeni təkliflər göndərəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə yüksək texnologiyalar və sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransında bildirib.

“Səhv etmirəmsə, oktyabr və ya noyabrda təkliflərimizi göndərdik, rusiyalı tərəfdaşlarımızdan cavab almadıq, yanvarda yenidən göndərəcəyik. Müqavilədə boşluqlar var, məqsədimiz onu daha da təkmilləşdirməkdir. Konstruktiv bir atmosfer var, bir sıra problemli məsələlər var, onları düzəltmək istəyirik”, – Ayrapetyan deyib.

O əlavə edib ki, Ermənistanın ictimai multipleksində yayımlanan iki Rusiya telekanalında “problemli verilişlər” olub, lakin onlar bloklanandan sonra “heç bir problem yaranmayıb”: “Rusiyalı tərəfdaşlarımızla xalqımızın hisslərini təhqir edən heç bir hadisənin qeydə alınmamasını təmin etdik”.

Daha əvvəl Ayrapetyan bildirib ki, Rusiya Federasiyası və Ermənistan bu məsələdə razılığa gəlməsələr, o zaman Ermənistan hakimiyyəti yayım müqaviləsini ləğv edə bilər. Ermənistan tənzimləyicisi artıq “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam” müəllif proqramlarının yayımını qadağan edib.

Qeyd edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, “Mədəniyyət” və RTR-Planeta ictimai multipleks vasitəsilə təkrar yayımlanır. Ermənistanda həmçinin mərkəzi ofisi Moskvada olan dövlətlərarası “Mir” telekanalı da yayımlanır.