Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan Azərbaycan QHT-lərini birləşdirən “Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.
“Füyuzat”ın məlumatına görə, xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə – azərbaycan, ingilis və erməni dillərində hazırlayıb.
Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli Atlası”nı, “Cənubi Qafqaz. 1903-cü il”, “Qafqaz diyarının xəritəsi – Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb. Xəritədən aydın görünür ki, Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini, əsasən, Qərbi Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib. Gürcüstan ilə sərhədyanı ərazilərdə də mineral yataqların işlənilməsi üstünlük təşkil edir.
Təqdimat mərasimində çıxış edən “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov öncə Ermənistanın coğrafi baxımdan Azərbaycan ərazisindən keçən Kür və Araz çaylarının yuxarı hövzəsində yerləşməsinə diqqət çəkib: “Kür və Araz çaylarının yuxarı və orta axın hissələrindəki qolları olan Pəmbək (Debed), Abarançay, Zəngiçay, Vediçay, Arpaçay, Mığrıçay, Oxçuçay və Bazarçay hövzələrində Ermənistanın mədən sənayesi işləri Azərbaycan ekologiyasına zərbə vurur. Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə alsın”.
“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bildirib ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, Ermənistan hökuməti və bu ölkədə dağ-mədən işləri görən xarici şirkətlər gördükləri işlərə dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini təqdim etmir, gizlədirlər: “Biz bu sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edirik. “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritədə müəssisələrin necə yerləşməsinə baxmaq kifayətdir ki, problemin qlobal miqyası aydın olsun”.
Geologiya və Geofizika İnstitutunun Dinamik geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin ərsəyə gətirdiyi kartoqrafik əsəri yüksək qiymətləndirib: “Xəritə materialın zənginliyi ilə səciyyələnir və əhəmiyyətli məlumat bazasıdır”.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin geoloji məsələlər üzrə müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən müəsissələrindən atılan zərərli kimyəvi maddələr transsərhəd suları vasitəsi ilə axıdılaraq Araz və Kür çayları vasitəsi ilə Xəzər dənizinə tökülür. Bu isə ekoloji fəsadların miqyasını daha da artırır: “Ermənistan Respublikası ərazisini şərti olaraq 4 iri “filiz-mədən rayonu”na ayırmaq olar: Qacaran-Qafan, Mehri-Leyvaz, Zod-Сermuk/Amulsar, Alaverdi-Ağtala. Təkcə onu demək kifayətdir ki, Qacaran yatağında illik emal gücü 12.8 milyon ton filizdir. Burada kükürd tərkibli atıqlar ətraf mühit üçün təhlükədir. Qafanda isə illik emal gücü 50-65 min unsiya qızıldır. Burada isə kimyəvi maddə kimi flotasiya reagenləri tətbiq edilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov Ermənistan hökumətindən tələb edib ki, Cənubi Qafqazda ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açsın: “Biz Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edirik, Ermənistan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmalı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir”.
Tarix və Etnologiya İnstitutunun elmi işçisi Nazim Mustafa hər 3 dildəki xəritələrdə adların milli toponimlərlə göstərilməsini yüksək qiymətləndirib: “Xəritənin erməni dilində olması Ermənistan ictimaiyyətinin də gözünü açacaq. Onlar necə aldadıldıqlarının fərqinə varacaqlar”.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı deyib: “Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espoo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır”.
Dövlət başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli praktikadan əl çəkməyə çağırmışdı: “Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçuçayına töküləcəksə, bu bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq”.
Bakı Biznes Mərkəzinə toplaşmış QHT-lər Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.
“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.