26 avqust 2023-cü il tarixində LIBRAFF kitab evində yazıçı-bloger İradə Qədirovanın “Eşqin izi ilə” kitabının təqdimat mərasimi keçirilib.
“Fuyuzat.az”ın məlumatına görə, tədbir MİMTA Yayımlarının təşkilatçılığı ilə keçirilib. Tədbirdə MİMTA Yayımlarının direktoru Əsəd Asanoğlu, “Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunus, Xalq yazıçısı Əzizə Cəfərzadənin varisi Turan İbrahimov, həmçinin ədəbiyyat və incəsənət nümayəndələri, müəllifin qələm dostları, ailə üzvləri və oxucular iştirak ediblər.
“Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunus çıxışında kitabın insan həyatındakı önəmindən, kitab oxumağın insanın öz iç aləminə səhayət olduğundan, yazıçının da bu kitabda dünya ilə bərabər özünü və kainatı kəşf etməsindən bəhs edib: “Özünü bilmənin, anlamanın yolu kitabdan keçir. Bu tarixboyu belə olub. Babalarımız kitabla bərabər kəlmələrin rənginə boyanıb. Bu kitabı oxuyan oxucu da dəyər, mənəviyyat və dünyanın rənglərinə boyanacaq”.
Əsərin redaktoru – publisist-yazar Loğman Məmmədov kitabın səhifələrində dünya və daxili aləminə səhayətdə olan insanın keçirdiyi duyğu və düşüncələrin əks olunduğunu bildirib: “Səyahət insanın özünü axtarışıdır. Oxucular bu kitabı oxuyarkən müəllifin təsviri ilə həm dünyamızın gözəl şəhərlərinə, həm də öz daxili dünyalarına səyahət edəcəklər”.
Yekunda müəllif İradə Qədirova kitabın yazılması haqqında məlumat verib, üz qabığının əks etdirdiyi simvolik mənanı oxucuları ilə bölüşüb, kitabın ərsəyə gəlməsinə görə MİMTA Yayımlarına və tədbirə gələn oxuculara təşəkkür edib. Oxucuların sualları cavablandırılıb, kitabın imza mərasimi keçirilib.
Qeyd edək ki, həmçinin “Əfşan: İran boyunca uzanan tək səyahətim” kitabının müəllifi olan səyyah-fotoqraf İradə Qədirova “Eşqin izi ilə” səfərnaməsində oxucunu Türkiyə, İran, Malayziya, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi dünyanın bir çox ölkələri, xalqların adət-ənənələri, tarixi ilə tanış edir. Kitab, sadəcə, tarixi-coğrafi bilgilərlə deyil, eyni zamanda, müəllifin zəngin dünyagörüşünün məhsulu olan dəyərli fikir və təəssüratlarla da zəngindir. Həmçinin, kitabda müəllifin səfər etdiyi ölkələrdə çəkdiyi fotolar yer alır.