Xəbərlər

Fələstin prezidenti müvəqqəti konstitusiya komissiyasının yaradılması haqqında fərman verib

Fələstin prezidenti Mahmud Abbas müvəqqəti konstitusiya layihəsini hazırlamaq üçün komissiyanın yaradılması haqqında fərman verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin prezidenti mətbuata açıqlamasında bildirib.

Qərarın İsrailin Qəzzaya hücumlarının sona çatması, işğalçı qüvvələrin bölgədən çıxarılması və Fələstin dövlətinin Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməsinin ardınca keçiriləcək ümumi seçkilərə hazırlıq çərçivəsində verildiyi bildirilir.

Əlavə edilib ki, yaradılacaq komissiyanın məqsədi qanunun aliliyini, hakimiyyət bölgüsünü, hüquq və azadlıqların müdafiəsini, hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək məqsədilə demokratik sistemin konstitusiya əsaslarını yaratmaqdır.

Fərmanda qeyd edilir ki, komissiyaya Müstəqillik Bəyannaməsinə, beynəlxalq hüququn prinsiplərinə, BMT-nin qətnamələrinə, insan hüquqları konvensiyalarına və müvafiq müqavilələrə uyğun gələn müvəqqəti konstitusiya layihəsi hazırlamaq səlahiyyəti veriləcək. Fərman həmçinin sahələr üzrə texniki alt komitələrin və ictimai rəyin alınması üçün onlayn platformanın yaradılmasını nəzərdə tutur.