Xəbərlər

Fəzilə Əsgərovanın “Uğur psixologiyası” kitabının təqdimatı keçirilib

“LIBRAFF” kitab evinin Park Akademiya filialında İnsan Resursları üzrə mütəxəssis, təlimçi, yazar Fəzilə Əsgərovanın “Uğur psixologiyası” kitabının tanıtımı baş tutub.

“MİMTA Yayımları” tərəfindən nəşr olunan kitab maneələri fürsətə çevirməyi öyrənmək, hədəflərinə çatmaq və özünəinamı gücləndirmək istəyənlər üçün nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan müəllif öz təcrübələrini oxucuları ilə bölüşüb, kitabın ərsəyə gəlməsi prosesindən bəhs edib: “30 ilə yaxındır insan resursları sahəsində işləyirəm. Düşünürəm ki, dünyanın müxtəlif nöqtələrində öz həyat çamadanıma böyük təcrübələr toplaya bilmişəm. İndi isə bu təcrübələri sizlərlə – dəyərli oxucularla bölüşmək arzusundayam. Bu kitab həm gənc tələbələr, həm də artıq peşəkar iş mühitində çalışan şəxslər üçün nəzərdə tutulub. Ümid edirəm ki, kitabı oxuyub özünü sətirlər arasında görən hər bir şəxs düşünərək uğura gedən yolu rahatlıqla tapa bilər. Bu bilgilərin sizə təcrübə qazandırmasını diləyirəm”.

Daha sonra müəllifin məsləkdaşları, müxtəlif şirkətlərdə çalışan həmkarları oxucularla ürək sözlərini paylaşıb. Ardınca “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu kitabın nəşri prosesindən, əsərin tezliklə xarici dillərə tərcümə olunacağından bəhs açıb.

Sonda müəllifin imza saatı keçirilib. “Uğur psixologiyası” kitabını imzaladan oxucular yazarla xatirə fotoları çəkdiriblər.