Xəbərlər

Fikrət Əmirovun “Min bir gecə” baleti “Balet günləri”nin açılışını edib

Bakıdakı Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” tamaşasının nümayişi ilə genişmiqyaslı “Balet günləri” tədbirinin açılışı olub.

“Füyuzat” bu barədə AZƏRTACA istinadən məlumat yayıb.

Yusif Eyvazov deyib: ”Teatrımızın bu il təqdim etdiyi yeni “Balet günləri” layihəsi bu sənəti sevənləri bir araya gətirmək üçün növbəti fürsətdir. Milli baletimizə yeni tamaşaçılar cəlb etmək üçün daha bir imkandır. Təkcə bu deyil… Bu bizim solistlərə “Balet günləri”ndə ictimaiyyətin diqqətini məhz baletə yönəltmək imkanı verir”.

“Min bir gecə” baleti 1979-cu ildə bəstələnib. Elə həmin il ilk dəfə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulub, 1980-ci ildə isə baletin yaradıcıları – bəstəkar, baletmeyster, dizayner və baş rəqqaslar SSRİ Dövlət Mükafatına layiq görülüblər. Əsrin dörddəbiri ərzində “Min bir gecə”nin Şərq incəliyi ardıcıl olaraq xoreoqrafların diqqətini cəlb edir, haqlı olaraq müasir balet klassikasına çevrilir. Balet bu gün də böyük səhnələrdə yüksək rəğbətlə ifa olunmağa davam edir.

Oktyabrın 15-dən noyabrın 11-dək keçirilməsi planlaşdırılan tədbirlər silsiləsində milli balet sənətinin ən diqqətçəkən nümunələrinin nümayişi, tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri, akademik konfrans və ictimai müzakirələr olacaq.

“Balet günləri” layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli-mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.