Xəbərlər

Fransa bu il UNRWA-ya 30 milyon avro yardım edəcək

Fransa İsrail hakimiyyətinin UNRWA-nın Qəzza zolağının şimalına humanitar yardım çatdırılmasına qadağa qoymasından təəssüflənir.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine nazirliyin həftəlik mətbuat konfransında bildirib.

Bölgədə aclıqdan ölən mülki vətəndaşların olduğuna diqqət çəkən Lemoine İsrail səlahiyyətlilərindən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyib.

Lemoine UNRWA-nın Qəzzada mülki şəxslər üçün mühüm rol oynadığını vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) bölgədə humanitar yardıma maneələrin aradan qaldırılmasını tələb edən 2728 saylı qətnaməsinin həyata keçirilməsinə çağırıb.

Fransanın bu il UNRWA-nın fəaliyyətlərinə 30 milyon avro töhfə verəcəyini ifadə edən Lemoine əlavə edib: “UNRWA-nın nifrət və zorakılıq çağırışlarından uzaq bir anlayışla vəzifələrini yerinə yetirməsi üçün şərait yaradıldığından əmin olaraq bu töhfələri çatdıracağıq”.