“Avropa ölkələri İranın nüvə sazişinin şərtlərinə əməl etmək niyyətində olduğuna dair Tehrandan kifayət qədər təminat almazsa, İrana qarşı 10 il əvvəl ləğv edilmiş sanksiyaları bərpa edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Baron Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasına gələrkən deyib.
“Fransa və tərəfdaşları İrana qarşı on il əvvəl ləğv edilmiş silah tədarükü, bank xidmətləri və nüvə avadanlığı üzrə qlobal embarqonu yenidən tətbiq edə bilər. İran lazımi öhdəlikləri üzərinə götürməsə, avqustun sonundan gec olmayaraq bunu edəcəyik”, – Baron deyib.
Nazir İran həbsxanalarında saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsinə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərində işini bərpa etməsinə imkan verməyə çağırıb.