Xəbərlər

Fransada 300-dən çox etirazçı saxlanılıb

Fransa polisi hökumətin sosial xərcləri azaltmaq planlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak edən 300-dən çox adamı saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Bruno Retalleau bildirib.

“309 nəfər saxlanılıb, onlardan 134-ü nəzarətə götürülüb”, – nazir bildirib.

Onun sözlərinə görə, nümayişlərdə 7300 radikal iştirak edib: “Onlar Fransanı “blokada”ya ala bilmədilər”.

Daxili İşlər Nazirliyi bundan əvvəl nümayişlərdə 500 mindən çox insanın iştirak etdiyini bildirmişdi. Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının (CGT) məlumatına görə, 1 milyondan çox insan küçələrə çıxıb.

Parisdə və digər şəhərlərdə, o cümlədən Nant, Renn, Lion və Marseldə nümayişlər zorakılığa çevrilib: radikal nümayişçilər dükanları və bank filiallarını dağıdıblar. Polis etirazçıları saxlayıb və gözyaşardıcı qazdan istifadə edib. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr cəlb edib.