Xəbərlər

Fransada dəmiryol işçiləri tətil edəcək

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə Fransa dəmir yolu şirkətinin (SNCF) işçiləri 15-18 fevral tarixləri arasında tətil edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa milli mətbuatında məlumat yayılıb.

Məlumata görə, “Sud Rail” və CGT həmkarlar ittifaqları dəmiryolçuları iş şəraitinin yaxşılaşdırılması, maaşların artırılması və erkən pensiyaya çıxmaq tələbi ilə tətilə çağırıblar.

Həmkarlar ittifaqları 3 günlük tətildə iştirak nisbətinin yüzdə 70-90 olacağını təxmin edib.

“FO Cheminots” həmkarlar ittifaqının katibi Daniel Ferte sıx iş saatlarından şikayətlənərək, SNCF-nin hər qatara 2 işçi vəd etdiyini, lakin bu qərarın bütün səfərlərdə həyata keçirilmədiyini bildirib.

Ferte hər gün dəyişən nizamsız iş saatları ilə yanaşı, həftə sonları və bayram günlərində işləməkdən də məmnun olmadıqlarını bildirib.

Fransanın Baş naziri Qabriel Attal açıqlamasında qeyd edib ki, fransızlar tətilin bir “haqq” olduğunu bilir, lakin işləməyin də “məsuliyyət” olduğunu anlayır.