Biz gəncdik, amma yaşımızdan böyük xəyallarımız vardı!
Biz peşəkar deyildik, amma bığıburma babalarımızın təcrübələrinə heyranlıq duyurduq. Biz dəliqanlıydıq, amma böyüklərin ziyasına pərvanə idik. Biz cavandıq, amma amal uğruna fədakarlıq şərbəti içənlərin izindəydik. Biz tələbəydik! Dərsə yetişməyə çalışan, ən əsası Müəllimə möhtaclığını bilən tələbə…
Səni bizə qocaman ziyalılar, Müəllimlər əllərində əmanət gətirdilər. Səhifələrini etina və diqqətlə vərəqləyərək sirrini qulağımıza pıçıldadılar. Yer üzərində adil millət olmağın, böyüməyin, bütöv olmağın, ədalətlə hökm etməyin nizamının düsturu səndəydi.
“Dədə Qorqud” dastanındakı hikmətlərin sehrli harayı səndəydi. Oğuzun qut alışının mənası, uluların nəsihəti səndəydi… Əsrlərdən gələn Türk-İslam məfkurəsinin yükü səndəydi…
Bildik, öyrəndik – milli ruhumuzun möhürü səndəydi. Uğrunda həyatların, canların fəda edildiyi, üç rəngi ilə göylərimizi qucan bayrağın boyasının əsrarı səndəydi. Böyük bir mirasın xəritəsi səndəydi…
“Uzaq məmləkətdə min ilməli, min naxışlı bir xalı var. Babalarımızın təri hopmuş bir saxsı qab var. Piltəsi itmiş bir çıraq, qulpu sınmış bir cəhrə, yağı alınmış bir nehrə, yazılmış bir kitab var. “Biz sizinik” deyir bu canlı tarixlər. Onları özümüzünküləşdirmək üçün yola çıxır bu gəmi.
Azərbaycan məmləkətinin tozunu, torpağını müqəddəs bilən bir nəsildir bu gəminin yolçuları. Azərbaycanı dünyaya sevdirmək və bu məmləkətə xidmət etmək üçün yola çıxır bu gəmi” (“Füyuzat” №1 (33), 2007).
Bəli, çiyinlərimizə “Ey gənc nəsil! Milli məfkurənə sahib çıx!” deyənlərin sevdasının yükü qoyuldu. Dözdük, qolumuza güc gəldi. Dayandıq, dizimizə təpər gəldi. Qələmi əlimizə aldıq, qəlbimizlə ağlımız işıqlandı. Yürüdük, cığır olduq. Yola çıxdıq, yol olduq…
Düz 18 il!..
Sən gəncləşdin, dəyərli “Füyuzat”, biz isə artıq ixtiyarlıq yoluna qədəm qoyuruq…
Sən böyüdün, boya-buxuna çatdın. Sən ucaldın… Biz isə biz olmadakı hikmətə sarıldıq, heyət olduq, Sən olduq!
Əziz “Füyuzat”, sən Qarabağ dərdini kəlmə-kəlmə, sözbəsöz qəlblərə daşıdın, Azərbaycanın harayına çevrildin, bütövlüyünü amal edindin:
“Azərbaycan…
Üzərindən sevənlərinin duaları kəsilməyən sevda məkanım…
Torpağına rəhmət yağışı, hikmət şehi düşən canım məmləkətim…
Qədim – cavan – gələcəkli, dünya xəritəsinin qiymətli daşı – əvəzsiz Diyarım…
Ruhumun sədası, qəlbimin sirdaşı, dilimin şirin ana sözü – Azərbaycan!
Sən heç vaxt kölgəsi itməyəcək, varlığı, əzəməti getməyəcək bir kainat möcüzəsisən.
Xəbis düşmən səndən bir parçanı – Qarabağını qoparıb almaq istədi.
Gözləri kor oldu – görmədilər kəsmək istədikcə, kökündən bitən fidanı görmədilər – kökü anaya bağlı telləri.
Qarabağım, qərib durma, qərib olma, Azərbaycanın sinəsindəsən – oradan kim qoparıb kəsə bilər səni…
Dünya durduqca bütöv qalacaq – sevilmiş, sevilən, seviləcək ərlər yurdu, mərdlər diyarı – Azərbaycan!..” (“Füyuzat” №2 (58), 2011)
Bir zamanlar dərd yükünü çiyinlərində daşıdığın Qarabağın zəfərini dadarkən səndən ayrı qalan parçalarına qovuşmağın xəyalındasan. Bütöv və böyük Azərbaycana doğru yolun açıq, amalın gerçək olsun!
18 yaşın qutlu olsun!
Böyük məfkurəmizin öncüsü, millət fədaisi Əli bəyə, gənc nəslə cığır açan dəyərli mərhum profesor Teymur Əhmədova, yolumuza işıq olan Müəllimlərimizə və bu fani dünyadan köçən yazarlarımıza dərin minnətdarlıq hissiylə…