Məlumat üçün
20 dekabr 2023-cü il tarixində Azərbaycan İstiqlal Muzeyində “Füyuzat” jurnalının üz qapaqlarının sərgisinin açılış mərasimi baş tutacaq.
Sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Sərgi zamanı “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat veriləcək, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, üz qapaqlarında toxunulan məsələlər və verilən mesajlar barədə məlumatlar bölüşüləcək.
Sərgi 20–26 dekabr 2023-cü il tarixlərində davam edəcək. Sərgiyə giriş ödənişsizdir.
***
Bir neçə gün bundan öncə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda, “Füyuzat” dərgisinin redaksiyasında Füyuzatçılıq missiyasının ağır və şərəfli işini çiyinlərində yorulmadan daşıyan dəyərli Mübariz Yunus və Samir Ramizoğlu ilə söhbətimiz zamanı bu barədə də məlumat aldım.
Mübariz bəyin elə oradaca layiq bilərək dəvət etməsi, ötən gün isə Samir bəyin dəvətnaməni yollaması sevincimizi bir növ rəsmiləşdirdi. Bəs necə? Axı mən uzun illərdir ki, ta tələbəlik vaxtımdan “Füyuzat” jurnalının üz qapaqlarının içində gəzişməyi sevmiş, buna cəhd etmiş, bir çox suallara bu mübhəm “səyahət” içində cavab tapmağa çalışmışdım. Bacarmışammı, bacarmamışammı, deyə bilmərəm. Amma bu cəhdin özü belə bizlərə çox şey qazandırıb. Səbirsizliklə sabahı gözləyirəm. Səyahətimi yenə də edəcəyəm. Budəfəki gəzintidən isə gözləntimiz çoxdur: Təmizlənəcəyik, “əsrlərin yaddaşından gələn milli qeyrətin və milli şüurun səsi” ilə arınacağıq. Milli yaddaşımıza, genetik kodumuza, ruhsal dünyamıza salam verəcəyik… Salam eşidib şüurumuzu təmizləyəcəyik. Katarsisdən keçəcəyik… Durulanacağıq.
Milli Şüurun alt qatında bir yorğun yolçu kimi gəzib dolaşsaq da, heç zaman bezməyəcəyik…
Səyahətimiz asan olmayacaq… Bu səyahət üçün ipucları, xəritə lazım… Əfvinizə sığınaraq, gəlin, bir-iki ipucu da mən deyim. Bəlkə, kiməsə lazım olar…
İpucuları – yaxud, səyahət üçün xüsusi kodlar…
Milli kimlik, mənəvi dirilik düsturunu hər səhifəsində daşıyan “Füyuzat” dərgisinin başqa bir əsas işi də olub. Bu missiyanı “Füyuzat”ın əsas qayəsi adlandırmaq olar: Bu, “İşıq daşımaq” xidmətidir. Bəli, “Füyuzat” dərgisi üz qapaqlarında, hər səhifəsində, hər yazısında, hər cümləsində özündə, ruhunda, cizgilərində Cümhuriyyəti quran, mətbuatımızın əsasını qoyan dahiləri, onların işıqlarını, aydınlaşdırma metodikalarını daşıyır… Odur ki, sərgi salonundakılardan kimsə “gəzinti”yə çıxsa, onu müşahidə edən “işıq”dan qəti narahat olmasın… İşıqsız da “Füyuzat”mı olar?!
Dərginin ruhunda, qoxusunda, ovqatında, hər bir detalında bu işığı hiss edə biləcəksiniz. Hələ özünüz üçün bir kəşf də edəcəksiniz: sən demə, işığın da ətri var imiş… Ətri təsəvvür etmək olmur, o hiss edilir, yaşanır. Üz qapaqları içində səyahət zamanı bu yaşantı hər birimizə nəsib olacaqdır.
Dərginin üz qapaqları bizlər üçün sanki Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Məhəmmədəmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəylinin, daha doğrusu, onların ruhsal kimliklərinin sığındığı bir qarderobdur…
Dərginin üz qapaqlarında, elə lap daxilindəki mətnlərdə də sətiraltı məna daşıyan sözlərindən görürük ki, aha, budur, Əli bəy oradan bizə nəzər yetirir…
Qılınc məntiqə söykənən analitik mətnlərdən, uzaq gələcəyə zillənən, məhz bu missiya üçün hesablanmış fotolardan Rəsulzadə boylanır…
Dərginin və bu dərgiyə xidmət edən hər kəsin təmənnasızlıq, ədalət uğrunda barışmazlıq heysiyyatından Zərdabi baxıb gülümsəyir…
Sərgidə görəcəyik… Mütləq görəcəyik ki, “Füyuzat”ın üz qapaqları çox səxavətlidir. Bizlər üçün “qarderob”unun qapısını geniş açacaq. Kim bacaracaqsa, oradan Əlibəyçiliyi götürüb ruhuna, düşüncəsinə geyinməyə çalışacaq. Kimi isə Rəsulzadəçiliyi… Kimi isə heç birini…
Həmin o heç birini götürə bilməyənləri də qınamayaq. Onlar üçün bu səyahət, demək, hələ özünün birinci – şüuraltı mərhələsini yaşayır. Oradan şüura adlayanda onlar da bu qarderobdan faydalanacaqlar.
Sərgidə həmçinin onu da görəcəyik ki, “Füyuzat” və onun üz qapaqları işığı daşımaqla kifayətlənməyib. Həm də uzun illərdir ki, onu qoruyub. Dərginin indiki heyətinin yaradıcı komandası ilə həmsöhbət olsanız, buna şübhə etməzsiniz.
Sabah sərgidə görüşək. Amma hazır olaq: çünki uzun və şərəfli bir yolumuz, səyahətimiz olacaq. Bu səyahətdə Əli bəylə fikir ortağı olacaq, Rəsulzadə ilə nəyisə müzakirə edəcək, Zərdabiyə isə, təbii ki, qulaq asacağıq. Səssiz-səmirsiz; hər dəfə onun tövsiyələrini eşitmək fürsətimiz olmur ki! (Özü də medianın bugünkü durumunda…)
Bütün bunlar həyata keçdiyi zaman gözlərimiz yalnız bir nöqtəyə baxacaq: “Füyuzat” dərgisinin üz qapaqlarına…