12–15 oktyabr 2023-cü il tarixlərində Türkiyədə baş tutacaq beynəlxalq 14-cü “Dərgi Günləri” öz fəaliyyətinə başlayıb. Tarixi Sirkeci Qatar Stansiyasında təşkil edilən “Dərgi Günləri” sərgisi (Türkiyə vaxtı ilə) saat 10:00-da açılıb və 19:00-a qədər davam edəcək.
“Füyuzat”ın məlumatına görə, “Dərgi Günləri”ndə gənclik, məktəb mövzulu jurnallar, onlayn, qurum və təşkilatlara aid mədəniyyət jurnalları, həmçinin milli və beynəlxalq mövzulardan çıxış edən dərgilər oxuculara təqdim edilir.
Hər il olduğu kimi, “Dərgi Günləri”ndə dörd gün ərzində sərgidə iştirak edən jurnalların təşkil etdiyi mədəni tədbirlər, müsahibələr, görüşlər və seminarların keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Dərgi Günləri” 2010-cu ildən müntəzəm olaraq təşkil edilir.
Bu il Azərbaycandan “Füyuzat” milli fikir dərgisi və “İşıq” qadın dərgisi də sərgidə iştirak edir. Eyni zamanda müxtəlif ölkələrdən jurnallar sərgiyə qatılıblar.
Sərgi Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi, Dərgilər Birliyi (Dergibir) və İstanbul şəhəri Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilir.