Köşə Yazıları Tural İsmayılov

Füyuzatçılığın etik mahiyyəti

Hər zaman yazıram: füyuzatçılıq yalnız ədəbi və fəlsəfi cərəyan deyildi – milli əxlaqın manifestinə çevrilmiş mənəvi hərəkat idi. Əli bəy Hüseynzadənin rəhbərliyi altında meydana gələn bu düşüncə məktəbi xalqı yalnız modernləşdirmək yox, onu vicdanla yenidən yoğurmaq istəyirdi.

Çünki inkişaf yalnız texniki yox, əxlaqi təmələ dayananda davamlı olur. Hüseynzadənin “Hüsn və Şər” fəlsəfi esse janrında yazdığı məqalələrdə etik təmizliyin, insanın daxilindəki gözəlliklə davranış arasında paralel qurulması təsadüfi deyildi.

Füyuzatçılar üçün “əxlaq” sadəcə dini çərçivə deyildi. Onların gözündə bu, xalqın yaddaşı, cəmiyyətin daxili nizamı, fərdin isə mənəvi dirəyi idi. Əxlaq olmadan azadlıq, modernlik, hətta millətçilik belə mənasız və boş görünürdü.

Ona görə də “Füyuzat”ın ruhu ilk növbədə milli etikanı dirçəltmək missiyasını öz üzərinə götürmüşdü. Əhməd bəy Ağaoğlunun “Qadın azadlığı” haqqında məqaləsində insan ləyaqəti, qadın və kişinin mənəvi bərabərliyi, fərdiyyətin vicdani sərhədlərlə qorunması fikirləri etik bir cəmiyyət modelinin eskizi idi.

Onlar bu işə yuxarıdan maarifçi təkəbbürlə yanaşmadılar. Tam əksinə, xalqın içindən doğan bir əxlaqi səfərbərlik elan etdilər. Dərdləri “xalq geridir” demək deyildi; “xalqın ruhu yuxudadır” – deyib onu oyatmaq idi. Və bu oyanışın yolu sadəcə elmdən, Avropadan keçmirdi; bu yol vicdan və əxlaqla cızılırdı. Hüseynzadənin publisist yazılarında, xüsusilə “Füyuzat” jurnalında öz əqidəsinə sadiqlik, dürüstlük və mənəvi dayaq kimi prinsiplər milli oyanışın mərkəzinə çəkilirdi.

“Füyuzat” məfkurəsi təkcə mətbuat səhifələrində deyil, ailələrdə, məktəblərdə, məscidlərdə və sonda – dövlətin təməlində hiss olunmalı idi. Bu, “millətçilik” adı ilə sırıdılan təbliğatçı bir ritorika yox, məsuliyyətli bir mənəvi vəzifə idi. Füyuzatçılar üçün millətçilik əxlaqlı olmaq demək idi. Əxlaqsız millətçilik isə barbarlıqdan başqa bir şey deyil.

Əli bəy Hüseynzadənin məşhur “türkləşmək, islamlaşmaq, müasirləşmək” formulu, əslində, əxlaqi bir sistemin sxemidir. Bu formulun hər bir qolu bir etik prinsipə söykənir: milli kimlik, mənəvi dəyərlər və düşüncə azadlığı. Bu, yalnız idealist təklif deyildi – bir cəmiyyətin yaşaya bilməsi üçün məcburi mexanizm idi.

Etika onlar üçün fərdi əxlaq məsələsi deyildi – kollektiv məsuliyyət anlayışı idi. Xalq əgər bir bütöv bədən kimidirsə, onun ruhu məhz etikadır. O ruh çökəndə millət yalnız bədən kimi qalır – mexaniki və mənasız.

İncə bədii təsvirlər arxasında ciddi əxlaqi çağırışlar gizlənmirdi – açıq şəkildə deyilir, sərt şəkildə tənqid edilirdi. Onlar yazmırdılar, silkələyirdilər. Əliabbas Müznibin tənqidi məqalələrində mənəviyyat və insan tiplərinin əxlaqi ölçülərlə təqdimatı bunu təsdiqləyir.

Füyuzatçılar yüz il əvvəl anlayıb dilə gətirmişdilər. Bu gün biz bu düşüncəni “nostalji” kimi yox, real bir strategiya kimi qəbul etməliyik. Onların yazılarında ən çox diqqət çəkən cəhət də gələcək nəsillər üçün əxlaqı tərbiyə vasitəsi kimi görmələri idi.

Milli vicdan – unudulmuş bir termin deyil, bəlkə də, yenidən kəşf olunmalı olan dəyərlər sistemidir. Füyuzatçılıq da elə bu vicdanın akademik və publisistik formasıdır. Bəziləri üçün bu cərəyan bir ədəbiyyat dövrü ola bilər, amma əslində, o, ruhun siyasi bəyanatıdır.

Məktəbdə müəllimin uşaqla davranışı, məmurun vətəndaşa baxışı, jurnalistin ictimai rolu – bunların hər biri füyuzatçılığın əxlaq dairəsinə daxildir. Əxlaq – yalandan uzaq olmaq, haqqı danmamaq, başqasının haqqını yeməməkdir. Bu qədər sadə.

Bu günün Yer kürəsində ən böyük böhran əxlaq böhranıdır. Füyuzatçılar bizə təkcə yazı mirası yox, əxlaqi dayaq qoyub getmişdilər. O dayağı itirən cəmiyyətin ayaqda qalması mümkün deyil. Cəmiyyətin əxlaqı onun təməl daşıdır – o daş sökülsə, bina uçar.

Füyuzatçılığın etik mahiyyətini anlamayanlar onu yalnız keçmişin romantizmi kimi oxuyur. Halbuki o romantika deyil, ciddi əxlaq inqilabıdır. Bu gün ona qayıtmaq tarixə dönmək deyil – gələcəyə çıxışdır.

Yalnız doğru olanlar millət ola bilər. Və füyuzatçılar xalq yetişdirmək istəyirdi.

Füyuzatçılıq həm yazı məktəbidir, həm davranış. O yalnız qələm işi deyil, xarakter formasıdır. Yazmaq, danışmaq, idarə etmək, öyrətmək – bütün bu sahələrdə etik mövqe olmadan “Füyuzat”ın ruhu yaşaya bilməz.

Etikanın olmadığı yerdə hüquq da işləmir, qanun da. Çünki hüquqla əxlaq bir-birini tamamlamalıdır – biri yoxdur deyə o biri də “batır”. Füyuzatçılar bu “batmanı” gördü və qələmə sarıldı. Onlar bugünkü cəmiyyət üçün yox, sabahkı nəsil üçün yazırdılar. Biz o yazıların ünvanıyıq.

Füyuzatçılığın etik mahiyyəti bu günün xəbərdarlığıdır. Əli bəy Hüseynzadələrin səsi hələ də qulağımızda çalınır: “Doğruluq olmadan qalxmayacaqsınız!”