Füyuzat 145 Ülviyyə Rəhman

“Füyuzat”ın nazir yazarı Əliağa Həsənzadə

Cümhuriyyət tariximizə, XX əsrin əvvəllərinə nəzər saldıqda görürük ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” konsepsiyasını aydın gələcəyə məşəl etmiş ziyalılarımız təkcə ictimai-­siyasi arenada deyil, eyni zamanda ədəbi mühitdə də öz sözünü demiş, xalqı aydınlatmaq yolunda əllərindən gələni əsirgəməmişlər. 1906-cı ilin mətbu işığı olan “Füyuzat” məcmuəsi, daha da önəmlisi “Füyuzat” məktəbi görkəmli qələm sahibləri yetişdirdi. Bu mütəffəkirlərin bəziləri ədəbiyyatımıza mayak tutan şəxslər, bəziləri isə gələcək dövlətin – Cümhuriyyətin təməlini qoyan qurucular oldu. Belə şəxsiyyətlərdən biri də Cümhuriyyətin maliyyə və bank sisteminin formalaşmasında əhəmiyyətli xidmətləri olan Əliağa Həsənzadə idi.

Azərbaycanın tanınmış dövlət xadimi, Cümhuriyyət qurucularımızdan Əliağa Həsənzadə 1871-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Şəhər Gimnaziyasında oxuduqdan sonra Bakı Kommersiya Məktəbini bitirmişdir. Türk, ərəb, fars və rus dillərinə mükəmməl yiyələnən ictimai xadim Şəhər Dumasının üzvü seçilmiş və “Nəşri-maarif” cəmiyyətinin təsisində, Bakıya Şollar su kəmərinin çəkilməsində, kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın (Bulvarın) salınmasında əvəzsiz xidmətlər göstərmişdir.

Ə.Həsənzadə mətbuatla yaxından əlaqədə olmuş, müəllifin tərcümələri “Füyuzat” jurnalında çap edilmişdir. Məcmuənin 9-cu sayında Əliağa Həsənzadə bir müqəddimə ilə “filosofi-kamil” adlandırdığı ədib Tolstoyun “Tanrıyamı, yoxsa Qarunamı xidmət etməli?” risaləsini yerli türk şivəsinə tərcümə etdiyini oxucuya çatdırır, bu əsəri nə üçün tərcümə etiyini izah edir. Təd­qiqatçı-alim İnci Nəcəfova “Füyuzat” jurnalında Qərb ədəbiyyatı məsələləri” adlı dissertasiyasında yazır: “Əliağa Həsənzadə “Füyuzat”ın doqquzuncu nömrəsində bu risaləni tərcümə etməkdə və xalqa hissə-hissə təqdim etməkdə məqsədlərini bu şəkildə bildirir ki, bu tərcümə ilə zərərli vərdişlərin təsirindən danışmağı planlamırlar, çünki bununla bağlı müsəlman alim və həkimlərinin bu haqda saysız-hesabsız kitabları var. Burada məqsəd bundan ibarətdir ki, müsəlman xalqları, İslam məmləkətləri bu tip vərdişlərin ortaya çıxardığı ictimai fəsadlardan, narahatlıqdan, eyni zamanda başqa xalqlar arasında bu məsələyə oxşar və ya fərqli cəhətlərdən, ələlxüsus rus xalqının bu barədə ictimai vəziyyəti haqqında məlumat verilsin”. Risaləyə girişdə: “Tərcümədən ümdə qəsdimiz müskiratın məzərrət və xəbasətinə isbat və bu vəsilə ilə nəsihət və moizə etmək degildir”, – deyən Əliağa Həsənzadə tərcüməsinin cəmiyyət üçün faydalı ola biləcəyini bildirib. Məcmuənin 10, 12 və 13-cü saylarında isə Lev Tolstoyun “Tanrıyamı, yoxsa Qarunamı xidmət etməli?” adlı məqaləsi Əliağa Həsənzadənin tərcüməsində oxuculara təqdim edilib. Cümhuriyyət dövrünü tədqiq edən tarix elmləri doktoru, professor Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında tərcüməçinin böyük rus yazıçısı L.N.Tolstoyla dostluq münasibətlərinin olduğunu da qeyd edib…

Davamı…