G7 liderləri İranla bağlı ortaq bəyanat yayıb. Liderlər İranın hücumlarından sonra dünən axşam ABŞ-ın çağırışı ilə bir araya gələn G7 liderləri birgə bəyanatlarında İsrailə qarşı edilən bu hücumu pislədiklərini bildiriblər.
“Füyuzat”ın məlumatına görə, bəyanatda İranın hərəkətləri ilə bölgədə sabitliyin pozulduğu və idarəolunmaz gərginlik riskinin olduğu vurğulanıb.
Bəyanatda bildirilib: “G7 liderləri olaraq biz İranın İsrailə birbaşa hücumunu qəti şəkildə pisləyirik. İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatı və raket zərbələri endirib. İsrail tərəfdaşlarının köməyi ilə bu hücumu dəf etdi. Biz İsrailə və onun xalqına tam həmrəyliyimizi və dəstəyimizi bildirir və onun təhlükəsizliyinə sadiqliyimizi bir daha təsdiqləyirik”.
“İran öz hərəkətləri ilə regionda sabitliyin pozulması və idarəolunmaz regional gərginliyə gətirib çıxaran risklər istiqamətində növbəti addımlar atıb. Bunun qarşısını almaq lazımdır. Biz vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu ruhda biz İrandan və onun müvəkkillərindən hücumlarını dayandırmağı tələb edirik və sabitliyi pozan cəhdlərin qarşısını almaq üçün indi və sonra əlavə tədbirlər görməyə hazır olduğumuzu ifadə edirik”, – G7 liderləri qeyd edib.