İlin ən uzun gecəsi başlayır. Təqvimdə dekabrın son günü. Yəqin ki, bu sətirlər sizi təəccübləndirdi. Təqvimə görə ilin ən uzun gecəsi dekabrın 22-də bitib axı. Ancaq qəlblərdə ilin son gecəsi ən uzun gecədir. Bu, ötən illərdən qalan uzun gecələrin xatırlandığı gündür. Kiminsə sevincdən, kiminsə isə kədərdən “gözümə yuxu getmədi” dediyi zamanlar. Həmin gecələrdə yaranan hekayələrin süjet xətti insanların həyatdakı roluna uyğun dəyişir.
Ali məktəbə hazırlaşan şagirdin hekayəsi imtahanını gözlədiyi gecədən başlayır. “Görən necə olacaq?” deyə təlaşlandığı, “Mən bacaracam” deyib özünü təskin etdiyi anlar…
Qələbə qazanan əsgər üçün bu artıq evə qayıdacağı günü gözlədiyi gecədir. Sevdiklərinə qovuşmağın sevinci ilə qələbənin qürurunu bir arada yaşadığı an.
Gənc ana üçün körpəsini ilk dəfə qucağına aldığı gecədir. Yeni və şirin qayğıların başladığı, yuxusuz, amma ümidli gecə.
İki sevən qəlb üçün saf sevginin vüsalını yaşadacaq, ömür yoldaşı olacaqları günü – evlənəcəkləri günü gözlədikləri gecədir. Ancaq bəzən bu hekayələr kədərdən doğulur.
Bir atanın ömür-gün yoldaşından cismən ayrıldığı, evin səssizliyinin gecəyə qarışdığı gecə kimi…
Təqvimin son günü isə bütün bu anları fərqli şəkildə yenidən canlandırır göz önündə. Ötən günləri yada salıb ya o günləri geri qaytarmaq, ya da məhz o gecəni unutmaq üçün möcüzə axtarışına çıxır həmin qəhrəmanlar.
Yeni ildə uşaqlar hədiyyə gözləyir. Bəs böyüklər? Bu sualın cavabını Anarın “Ötən ilin son gecəsi” əsərində tapıram:
“Görəsən niyə adama ömrünün axırında bircə bu cihazlar qalır?” – deyə düşündü və dərhal bu bədbin fikirləri başından qovdu: “Yox, mən haqlı deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül kimi balalarım var. Hamısı da məni çox istəyir”.Birdən Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə qədər qovmaq istəyirdisə də, qova bilmirdi. O, bu işi etmək istəyirdi. Qorxurdu. Çünki evdə tək idi. Amma yenə də istəyirdi. O, Qəzənfərlə danışmaq, daha doğrusu, Qəzənfəri dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi. Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O, öləndən bəri evdə heç kəs bir dəfə də olsun bu səsə qulaq asmağa ürək eləməmişdi…“
Qəribə səslənsə də, bəlkə də balacaların da gözlədiyi sadəcə hədiyyə deyil. Ağacın altındakı hədiyyənin sevincini bölüşəcək, ona qucaq açacaq sevgi dolu əllərdir.Bütün qayğıları bir kənara qoyub birgə ilin son saatlarını geri saymaqdır. Bir olmaq, ailə olmaqdır. Yeni ilə yox, sevdiklərinə tələsməkdir. Gecəyarı qapıdan içəri girən ən böyük xoşbəxtlik də yəqin ki, elə budur…
“Gecəyarı evinizə tələsin,
Bəlkə sizin qapını da döyən var”.



