Xəbərlər

Gələn il yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq

Gələn il yanvarın əvvəlində astronomik hadisə – Kvadrantid meteor yağışı müşahidə olunacaq.

“Füyuzat” xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışı 2025-ci il dekabrın 12-dən 2026-cı il yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir.

Məlumata görə, meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100-113 meteor/saat təşkil edə bilər. Bu il maksimum aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.