Xəbərlər

Gənc ixtiraçılar SAF-a hazırlaşır – Naxçıvanda yarış həyəcanı

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək. Bu il 5-ci dəfə keçiriləcək festival çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin müxtəlif komandaları da yarışda iştirak edəcəklər.

“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin binası 3 mərtəbəli, 236 yerlikdir. Burada STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafik dizayn, elektronika, proqramlaşdırma-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırma dərnəkləri fəaliyyət göstərir. 3 ildir ki, fəaliyyət göstərən mərkəzə 200-ə yaxın uşaq cəlb olunub.

STEAM Təlim-Tədris Mərkəzinin direktoru Fuad Babayev həm də STEAM üzrə mütəxəssisdir. Onun məlumatına görə, burada Muxtar Respublikanın bütün ümumtəhsil məktəblərinin 4–11-ci sinif şagirdləri iştirak edir.

Direktor deyir ki, hər il yeni şagird qəbul etməkdənsə, mövcud şagirdləri daha da təkmilləşdirməyə üstünlük verirlər:

“Hər il “Kids” dərnəyinə 40-a yaxın şagird qəbul edirik. Bəzi bölmələrdə məzunlarımız olur ki, onların yerinə yeni şagirdlər qəbul edirik. Əsasən çalışırıq ki, öz şagirdlərimiz öyrənə-öyrənə mərhələləri adlasınlar”.

Yarışa hazırlaşan Zərxanım Alcəfərova isə Babək rayon Payız kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. Onu bura STEAM müəllimi yönləndirib:

“Ailəm də mənə dəstək oldu və bura gəldim. Öz marağım da çox idi. Hələ məktəbdəykən asma körpülər düzəltmişdim. İndi SAF-a sərbəst mövzu üzrə gedirəm”.